12:47
539
ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinin İranla bağlı hadisələrdə daha fəal iştirak edə biləcəyini deyib.
Mövzu ilə bağlı xalqcebhesi.az-a açıqlama verən Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı söyləyib ki, Tramp da yaxşı anlayır ki, İran ətrafında yaranmış gərginliyin aradan qaldırılmasında əsas rol oynaya biləcək ölkələrdən biri Rusiyadırsa, digəri Çindir: “Ağ Ev sahibi İranla yaxın münasibətlərə malik dövlətlər sırasında Rusiya və Çinin ön sıralarda dayandığının fərqindədir. Eyni zamanda, Rusiya və Çinin dünyanın əsas geosiyasi güc mərkəzlərindən ikisi olduğunu da yaxşı anlayır. Bu baxımdan Trampın açıqlamasını kifayət qədər praqmatik və reallıqlara əsaslanan mövqe kimi qəbul etmək olar”.
C.Abbaslı qeyd edib ki, Trampdan belə yanaşmanı əks etdirən açıqlamaları tez-tez eşitmirik: “Bununla belə, onun bu prosesdə Rusiyanın iştirakının məhdud olacağına dair fikirləri ilə tam razılaşmaq çətindir. Çünki İran ətrafında cərəyan edən proseslərdə Moskvanın az deyil, daha geniş iştirak imkanlarına malik olacağı ehtimalı böyükdür. Çin də öz növbəsində bu prosesdə mövqeyini gücləndirməyə və mümkün diplomatik təşəbbüslərdə iştirak etməyə çalışacaq”.
“İstənilən halda, Trampın açıqlaması mühüm etirafdır. Dünya ictimaiyyətinə yaxşı məlumdur ki, İranın beynəlxalq əlaqələr sistemində Rusiya və Çin xüsusi yer tutur. Tramp da bunu bilir və anlayır ki, İranla bağlı məsələlərin həllində bu iki güc mərkəzinin mövqeyini nəzərə almadan irəliləyişə nail olmaq asan olmayacaq” – deyə o əlavə edib.
Röya İsrafilova