“Avropa bu prosesə razılıq verməyəcək” Gündəm

“Avropa bu prosesə razılıq verməyəcək”

“Rusiya Prezidentinin Ukrayna mövzusu ilə bağlı ABŞ Prezidenti və Çin Prezidenti ilə birlikdə üçtərəfli görüş keçirməsi haqqında məlumatlar mövcuddur və bu görüşün Çində baştutma ehtimalı var. Düşünürəm ki, Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində təkcə Ukrayna məsələsi müzakirə olunmayacaq, bir sıra digər məsələlər, qlobal mövzular müzakirə olunacaq, həm də bu gün prioritet mövzulardan olan Ukrayna məsələsi də müzakirə oluna bilər”.

Bu fikirləri xalqcebhesi.az-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov deyib.

X.Bəşirovun fikirlərinə görə, nəzərə alaq ki, Çinin aid olmadığı, iştirak etmədiyi bir prosesdə Çinlə müzakirələrin aparılması özü-özlüyündə ondan xəbər verir ki, Ukrayna mövzusu heç də Rusiya-Ukrayna arasında baş verən bir proses deyil: “Biz də həmişə bunu deyirdik. Amma bu görüşdə məsələnin həllini tapacağını düşünmürəm. Burada ciddi razılaşmalar əldə edilə bilər, ancaq nə qədər ki, Avropa İttifaqı orada iştirak etmir, Avropa İtifaqı, Avropa ölkələri bu məsələnin həllinə və yaxud da bitməsinə imkan verməyəcəklər. Çünki hər bir halda Avropa burada iştirak etmirsə, Avropanın mövqeyi nəzərə alınmayacaq və hətta Avropa özünün iştirakı olmayan bir görüşün nəticələrini özünün mövqeyinin nəzərə alınmadığı bir görüş hesab edəcək. Necə ki, İstanbulda Rusiya-Ukrayna mövzusunda görüşlər keçirilmişdi, lakin Avropa buna razılıq vermədi ki, müharibənin davamı gəldi”.

Siyasi şərhçi əlavə edib ki, eyni zamanda, nəzərə alaq ki, Avropa hələ ki, Rusiyanın tam şəkildə zəifləməsindən və yaxud Avropa üçün təhlükə hesab etməyən səviyyəyə qədər zəifləməsindən əmin deyil: “Ona görə Avropa bu prosesə razılıq verməyəcək. Düzdür, bu görüş hansısa bir istiqamətdə razılaşmaların əldə edilməsinə gətirib çıxara bilər, amma müharibənin tam şəkildə bitməsini düşünmürəm. Çünki yenə də qeyd edim ki, Avropa hələ ki, Rusiyanı özünə təhlükə hesab edir və bu təhlükə Avropa üçün mövcud olduqca Avropa Ukrayna mövzusunun bitməsindən yana olmayacaq. Pul da, silah da ayıracaq, imkan dairəsində Ukraynaya kəşfiyyat məlumatları da verəcək ki, Rusiya bu müharibədən daha gec çıxsın”.

Röya İsrafilova