
Dünya iqtisadiyyatının özünəməxsus idarəetmə mexanizmləri, rıçaqları və modelləri var. Qaydalar olmasa, iqtisadiyyat çökər. Dövlətlər arasında qəbul olunan qaydalar, imzalanan sənədlər və əldə edilən razılaşmalar tərəflərin üzərinə müəyyən öhdəliklər qoyur və uzunmüddətli iqtisadi proseslərin təmin olunmasına xidmət edir.
Bunu politoloq Tofiq Abbasov Xalqcəbhəsi.az-a açıqlamasında Azərbaycan-Türkiyə münasibətləri, Azərbaycan-İsrail əməkdaşlığı və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əhəmiyyətindən danışarkən bildirib.
Politoloqun sözlərinə görə, Azərbaycanla İsrail arasında uzun illərdir davam edən tərəfdaşlıq münasibətləri mövcuddur və bu əlaqələr 1990-cı illərin əvvəllərindən başlayır:
“Azərbaycanla İsrail dövlətinin ikitərəfli xüsusda fəaliyyət göstərən və qüvvəsini saxlayan danışıqlar nəticəsində əldə olunmuş razılıqları var. Bu, heç kəs üçün sirr deyil. Politoloqların, analitiklərin arasında da tərəfdaşlıq var. 90-cı illərin əvvəlindən başlayır. Sonra biz bir-birimizlə iqtisadi əlaqələrimizi gücləndiririk, daha sonra strateji sahələrə aid öhdəliklərimiz yaranır. Onlar da imzalanmış sənədlərlə tənzimlənir”.
Tofiq Abbasov qeyd edib ki, Türkiyədə müəyyən maraqlar güdən qüvvələr Azərbaycanla bağlı məsələləri gündəmə gətirərək onları şişirtməyə, kiçik məsələlər ətrafında böyük səs-küy yaratmağa çalışırlar. Onun fikrincə, bu cür yanaşmalar iki qardaş xalq arasında münasibətlərin mahiyyətini əks etdirmir.
Politoloq vurğulayıb ki, Azərbaycan və Türkiyə xalqlarının tarix boyu bir-birinə dəstək olması unudulmamalıdır:
“İki qardaş xalqın uzun sürən münasibətləri var. Biz tarixdə bir yerdə olmuşuq, qanlı savaşlarda bir-birimizə dəstək olmuşuq. Məsələn, Çanaqqala savaşında 3 mindən artıq Azərbaycan əsilli fədai öz həyatını qurban verib. Belə şeylər yaddan çıxarılmamalıdır. 1918-ci ildə Bakının erməni işğalından azad edilməsi üçün Türk-İslam Ordusunun gəlişi yerli dinc əhalini azğın düşməndən xilas etdi. Belə şeylər heç vaxt yaddan çıxmır”.
Tofiq Abbasovun sözlərinə görə, hazırkı şəraitdə siyasi təsirlər nəticəsində bəzən anlaşılmazlıqlar yaranır. Belə hallarda üçüncü qüvvələrin rolunu da nəzərə almaq lazımdır. O bildirib ki, həmin qüvvələrin fitnə və təxribatlarına asanlıqla uymaq ciddi səhvdir.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti məsələsinə toxunan politoloq Türkiyənin bu əməkdaşlıqda iqtisadi maraqlarının olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Türkiyə Azərbaycan neftinin İsrailə çatdırılmasında tranzit ölkə kimi gəlir əldə edir. Eyni zamanda, Bakı-Tbilisi-Ceyhan kəməri ilə Qazaxıstan nefti də nəql olunur və Qazaxıstanla İsrail arasında münasibətlər inkişaf edir.
Politoloq bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin reallaşması Azərbaycan diplomatiyasının və ümummilli lider Heydər Əliyevin səylərinin nəticəsidir:
“Birinci Bakı-Tbilisi-Ceyhan boru kəmərinin özünün ərsəyə gəlməsi Azərbaycan diplomatiyasının və milli liderimiz Heydər Əliyevin səyləri nəticəsində oldu. Azərbaycan həm özü qazanır, həm də Türkiyə və Gürcüstan üçün çox böyük zəmin və gəlir yaradır”.
Tofiq Abbasov sonda vurğulayıb ki, dövlətlər arasında əldə olunan iqtisadi razılaşmalar qısamüddətli xarakter daşımır. Bu cür sənədlər uzunmüddətli əməkdaşlıq mexanizmləri formalaşdırır, xalqların rifahına və ölkələrin iqtisadiyyatlarının güclənməsinə xidmət edir.
Günel Elxan