İqtisadi artım meyilləri və gözləntilər İqtisadiyyat

İqtisadi artım meyilləri və gözləntilər

Bu il Azərbaycanda iqtisadi artım gözlənilir. İlin əvvəlindən iqtisadiyyatda qeydə alınan nəticələr bunu deməyə və pozitiv proqnozlara əsas verir. Belə ki, 2022-ci ilin yanvar-may aylarında ölkədə 50,868 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,5 faiz, qeyri neft-qaz sektorunda isə 11,0 faiz artmışdır. ÜDM istehsalının 54,7 faizi sənaye, 7,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil edib.
Hər halda son iki ildə karonavirus pandemiyası bütün dünya iqtisadiyyatına böyük ziyan vurdu ki, insanlar da bunu öz həyatlarında yetərincə hiss etdilər. Bununla belə, gözlənildiyi kimi 2022-ci ildə pandemiya səngidi, iqtisadi aktivlik yüksəldi, Azərbaycan da daxil omaqla bir çox ölkələrdə iqtisadi artım qeydə alınır ki, bu da nikbin olmağa əsas verir. Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun və hökumətin öz proqnozlarına görə, 2022-ci ildə Azərbaycanda 4-5% aralığında iqtisadi artım gözlənilir. Asiya İnkişaf Bankı isə 2022-ci ildə Azərbaycan iqtisadiyyatının artımını 2,5 faiz səviyyəsində proqnozlaşdırır. Azərbaycanın öz proqnozlarına görə, ÜDM 2023-cü ildə 5,3%, 2024-cü ildə 3,7% və 2025-ci ildə 3,1% artacaq.
ÜDM artımı ilə yanaşı ixracda da artım meyilləri müşahidə olunur. Belə ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 18,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,5 milyard ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na əsasən qeyri-neft sektoru üzrə ixrac ötən illə müqayisədə 25,4 faiz artıb. Cari ilin yanvar-iyun ayları ərzində meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artaraq 328,1 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 5 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 26,1 faiz, pambıq lifi ixracı isə 12,8 faiz, pambıq iplik ixracı 5,2 faiz artıb.
Əslində Rusiyaya qarşı sanksiyalar Azərbaycanın bu ölkəyə ixrac imkanlarını artırıb. Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin, ticarətin genişlənəcəyi gözləniləndir. Qeyri-neft sektoru, xüsusən də kənd təsərrüfatı məhsullarının ixracı baxımından Rusiya Azərbaycan üçün ənənəvi ən böyük bazardır. Belə ki, 2021-ci ildə Azərbaycanın qeyri neft-qaz məhsulları üzrə ixracının 32,3 faizi Rusiyanın payına düşməklə 1-ci yerdə olub. Azərbaycanın ümimi ixracının 4,1 faizi, idxalının isə 17,7 faizi Rusiyanın payına düşür. Ölkəmiz daha çox qonşu Rusiyadan məhsul idxal edir. Bundan sonrakı dövrdə də Rusiya kənd təsərrüfatı məsullarının satışı baxımından ölkəmiz üçün əsas bazar olaraq qalacaq. 2020-ci ildə Azərbaycanın Rusiya ilə xarici ticarət dövriyyəsi 2,7 milyard dollar, 2019-cu ildə 3 milyard dollar təşkil edib. 2020-ci ildə ticarətin 328 milyon dollar azalmasının əsas səbəbi pandemiya ilə əlaqədardır. Xarici ticarətimizin 10,6%-i Rusiyanın payına düşür. 2020-ci ildə qonşu ölkədən idxalın həcmi 2 milyad dollar, bu ölkəyə ixrac isə 700 milyon dollar təşkil edib. Təsəvvür edin ki, Azərbaycan 2020-ci ildə ixrac etdiyi 350 milyon dollarlıq təzə meyvənin 275 milyon dolları və ya 78,6%, 220 milyon dollarlıq təzə tərəvəz ixracının isə 214 milyon dolları və ya 97,3%-i Rusiyanın payına düşüb.
Azərbaycnda iqtisadi artımın müşahidə olunması dünyada ərzaq böhranının yaşandığı, qlobal ərzaq qiymətlərinin kəskin bahalaşdığı bir dövrdə yaxşı meyillərdir. Dünya bazarında kənd təsərrüfatı və ərzaq məhsullarına tələbin artması və bahalaşması fonunda hazırda hər bir ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi gündəmə çevrilib. Pandemiyanın ardınca Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq böhranı təhlükəsini daha da gücləndirib. Müharibənin davam edəcəyi təqdirdə gələn payız-qış mövsümündə bu sahədə daha ciddi problemlərin yaranacağı gözləniləndir. Ona görə də, gələn qış mövsumünə daha hazırlıqlı omaq vacibdir.
Bəxtimiz gətirib ki, hazırda dünya bazarında neftin qiyməti yüksəkdir – 120 dollara yaxındır. Gözlənildiyi kimi, bu il üçün neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulandan yüksəkdir. Hətta “qara qızıl”ın bahalaşmasını və gəlirlərin artmasını nəzərə alan hökumət dövlət büdcəsində neftin qiymətini 50 dollardan 85 dollara yüksəltdi, 2022-ci ilin ilin dövlət büdcəsinin gəlirləri də artırıldı. Çünki ilin sonunacan neftin həmin həddən baha olacağı gözlənilir. Bütün bunlar isə Azərbaycan üçün nikbin olmağa, dövlət büdcəsinin gəlir və xərclərinin təmin olunacağını, nəzərdə tutulan sosial ödəmələrin vaxtında həyata keçiriləcəyini söyləməyə əsas verir.
Yenidən baxılmaqla 2022-ci ilin dövlət büdcəsinin xərcləri 32 milyard 304 milyon manat məbləğində nəzərdə tutulub ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 425 milyon manat və ya 8,1 faiz çoxdur. Ümumi xərclərin 62,7 faizi və ya 20 milyard 247 milyon manatı cari xərclərə, 31,8 faizi və ya 10 milyard 265 milyon manatı əsaslı xərclərə, 5, 5 faizi və ya 1 milyard 792 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. 2022-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin kəsiri 43 milyon manat artırılaraq 3 milyard 106 milyon manat məbləğində nəzərdə tutulur. Bu da ilin sonuna gözlənilən Ümumi Daxili Məhsulun 2,7 faiz səviyyəsində olmaqla, təsdiq olunmuş göstəriciyə nisbətən 0,8 faiz azdır.
İcmal büdcənin gəlirləri 36 milyard 661 milyon manat proqnozlaşdırılır. İcmal büdcənin xərcləri isə 35 milyard 541 milyon manata çatdırılacaq. İcmal büdcə 5 milyard 229 milyon manat kəsirlə təsdiq olunub. Dəyişiklikdən sonra 1 milyard 120 milyon manat məbləğində profisitlə əvəzlənir. İcmal büdcənin tərkibinə daxil olan Dövlət Neft Fondunun gəlirləri 15 milyard 789 milyon manat, xərcləri 11 milyard 563 milyon manat təşkil edəcək.
2021-ci ildə olduğu kimi, 2022-ci ildə də devalvasiyanın olmayacağı, manatın kursunun sabit qalacağı daha çox gözləniləndir. Çünki hökumətin proqnozlarında ortamüddətli dövr üçün manatın məzənnəsinin ABŞ dollarına nisbətdə sabit qalması (1,7 manat) nəzərdə tutulur. Buna əsas verən asas amillər – neftin qiymətinin dövlət büdcəsində nəzərdə tutulandan baha olacağı ilə bağlı nikbin proqnozlar, ölkənin kifəyət qədər valyuta ehtiyatlarının (51 milyar dollar) olması, Mərkəzi Bankın maliyyə bazarına nəzarəti gücləndirməsi və əvvəlcədən məhdudlaşdırıcı addımların atılmasıdır. Digər tərəfdən, hökumət özü də manatın kəskin ucuzlaşmasında maraqlı deyil, çünki bu halda bötövlükdə iqtisadiyyatın itirəcəkləri qazancından daha çox olur, idxal malları bahalaşır, əhalinin, biznesin milli valyutaya və maliyyə-bank sektoruna inamı azalır və s.
2022-ci ilin sonuna tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 23-25% intervalında profisitin olacağı proqnozlaşdırılır. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ölkədə dayanıqlı makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması və gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə Mərkəzi Bank tərəfindən bir sıra mühüm tənzimləyici tədbirlər icra edilmiş, o cümlədən Hökumət və bankın idarəetmə orqanları ilə birlikdə Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması və onun institusional fəaliyyətinin müasir standartlara uyğunlaşdırılması üzrə yüksək nailiyyətlər əldə olunub. Əldə edilmiş nəticələrin dayanıqlığının təmin olunması, bankın sabitliyinin daha da gücləndirilməsi və ötən dövrdən qalan valyuta mövqeyinin tənzimlənməsi məqsədilə Mərkəzi Bankın xarici valyuta ehtiyatlarından istifadə etməklə banka 236 mln. ABŞ dolları həcmində vəsait satılıb. Cari ildə Mərkəzi Bankın xarici valyuta ehtiyatları valyuta bazarında tarazlığı dəstəkləmək məqsədilə alışlar hesabına xalis olaraq 297 mln. ABŞ dolları həcmində artıb. İlin ötən dövrü ərzində valyuta bazarında tələbin aşağı olması nəzərə alınmaqla növbəti 2 ay ərzində Mərkəzi Bankın xarici valyuta ehtiyatlarını satılmış vəsait həcmində tam bərpa edəcəyi proqnozlaşdırılır.
Mahir Həmzəoğlu