“Məsələ fərqli aspektlərə çəkilir və süni ajiotaj yaradılmağa çalışılır” İqtisadiyyat

“Məsələ fərqli aspektlərə çəkilir və süni ajiotaj yaradılmağa çalışılır”

Turan Rzayev: “Bu doğru yanaşma deyil”

“Azərbaycanda Aİ-95 "Premium" markalı benzinin qiymətində dəyişiklik edilib. Belə ki, Aİ-95 "Premium" markalı benzin 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək.

Litri 1,6 manatdan satılan benzinin qiymətinin artmasında əslində heç bir fors-major səbəb yoxdur. Yəni qiymət artımı dünya bazarlarında müşahidə olunan qiymət artımı ilə əlaqədardır”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında ekspert Turan Rzayev deyib. T.Rzayev bildirib ki, həmişə olduğu kimi, bu dəfə də məsələ fərqli aspektlərə çəkilir və süni ajiotaj yaradılmağa çalışılır: “Misal üçün ortaya atılan versiyardan biri budur ki, Aİ-95 "Premium" markalı benzinin qiymətini SOCAR məqsədli surətdə artırır. Bu, doğru yanaşma deyil.

Aİ-95 "Premium" markalı benzin ölkəmizdə istehsal olunmur. Buna görə də nə qiymət artımının qarşısını almaq mümkün deyil. İstehsal etmədiyimiz benzinə SOCAR necə müdaxilə edə bilər?

Birmənalı olaraq anlamaq lazımdır ki, Aİ-95 markalı benzinin qiyməti dünya bazarında neftin qiymətindən birbaşa asılıdır. Misal olaraq, 2020-ci ilin martın 13-də dünya bazarında neftin qiymətində müşahidə olunan azalma nəticədə ölkəmizdə Aİ-95 "Premium" markalı benzinin 1,5 manatdan 1,2 manata qədər, yəni 20 faiz ucuzlaşması ilə nəticələnmişdi. Yəni dünya bazarında neftin qiymətinin sabit olmaması ondan alınan məhsulların qiymətinə də təsir edir. Məhsulun idxal dəyərinin artması onun ölkəmizdəki satış qiymətlərinin də artmasına səbəb olub. Məsələ əslində bu qədər sadədir.

Ölkəmizdə hazırda əsasən Aİ-92 və Dizel markalı yanacaqdan istifadə olunur. Azərbaycanda kütləvi şəkildə istifadə olunan Aİ-92 markalı benzinin qiymətində heç bir dəyişiklik edilməyib. Yaxın vaxtlarda da sözügedən markalı benzinin qiymətində hər hansı bir artımın olması gözlənilmir”.