Neft Fondunun xərcləri gəlirlərindən çox olacaq İqtisadiyyat

Neft Fondunun xərcləri gəlirlərindən çox olacaq

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fonddan Trend-ə verilən məlumata görə, Baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2016-cı il üçün büdcə layihəsi müzakirə olunub. Bildirilir ki, iclasda Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2016-cı il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin gəlirlərinin 6,712 milyard manat, xərclərinin 8,261 milyard manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərinin 24 420,0 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb, müvafiq olaraq Fondun 2016-cı il büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.
Bununla yanaşı, iclasda Azərbaycan Respublikası Dövlət Neft Fondunun mühasibat sisteminin "İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartların"dan "Maliyyə Hesabatlarının Beynəlxalq Standardları"na keçidi və bu keçidə uyğun olaraq hazırlanmış yeni Mühasibat Uçotu Siyasəti və Hesablar Planı məqbul hesab edilib.