IAP layihəsinin reallaşdırılması təkcə Monteneqroya deyil, bütün dünyaya fayda gətirəcək - Vitse prezident İqtisadiyyat

IAP layihəsinin reallaşdırılması təkcə Monteneqroya deyil, bütün dünyaya fayda gətirəcək - Vitse prezident

İon-Adriatik boru kəməri (IAP) layihəsinin reallaşdırılması təkcə Monteneqroya deyil, bütün dünyaya fayda gətirəcək.

Trend-in məlumatına görə, bu barədə Monteneqronun vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında deyib.

Onun sözlərinə görə, Monteneqro qonşu ölkələrin enerji sistemlərinə qoşulmaq istiqamətində çalışır.

"Yaşıl enerjinin nəqli ilə bağlı Sazişə və Avropa İttifaqının enerji siyasətinə əsasən biz yaşıl enerjiyə keçid, dekarbonizasiya, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji səmərəliliyinin artırılmasına sadiqik. Biz yeni obyektlər inşa etmək hesabına enerji şəbəkələrimizi inkişaf etdirməyi planlaşdırırıq", - Ervin İbrahimoviç əlavə edib.

Nəzərdə tutulan İon-Adriatik boru kəməri (IAP) Cənub-Şərqi Avropanın bir çox ölkəsinə qaz nəqli üçün Trans-Adriatik boru kəmərinə (TAP) qoşula bilər.

516 km uzunluğa malik boru kəməri Albaniya, Monteneqro, Bosniya və Herseqovina ərazisindən keçərək Xorvatiyada bitəcək. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 5 milyard kubmetr qaz olacaq.

TAP artıq layihənin tərtibatçıları olan Plinacro (Xorvatiya), BH-Gas (Bosniya və Herseqovina), GeoplinPlinovodi (Sloveniya) ilə, həmçinin Monteneqro və Albaniya hökumətləri ilə Anlaşma və Tərəfdaşlığa dair Memorandum imzalayıb

TAP və IAP işçi qrupu yaradılıb və texniki qoşulma məsələlərini razılaşdırmaq məqsədilə mütəmadi görüşlər keçirir.