"Fitch Ratings" Azərbaycanın reytinqini təsdiqləyib İqtisadiyyat

"Fitch Ratings" Azərbaycanın reytinqini təsdiqləyib

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) "BB+" səviyyəsində təsdiqləyib.

Trend şənbə günü agentliyə istinadən xəbər verir ki, reytinq proqnozu müsbət olaraq təsdiqlənib.

"Reytinq Azərbaycanın çox güclü daxili balansı, analoqlar qrupunda ən aşağı dövlət borcu, habelə suveren rifah fondunun aktivləri hesabına maliyyələşdirmə çevikliyi ilə dəstəklənir", - agentliyin məlumatında deyilir.

"Fitch" qeyd edib ki, müsbət proqnoz enerji daşıyıcılarının yüksək qiymətləri ilə əlaqədar xarici və fiskal rezervlərin güclənməsini, həmçinin xərclərin daha çox məhdudlaşmasını əks etdirir ki, bunlar da daha sonra bərpa olunmuş büdcə qaydasının tətbiqi ilə möhkəmlənəcək.

Bundan başqa, "Fitch" Azərbaycanın suveren kreditorlarının xalis mövqeyinin 2023-2024-cü illərdə 10,9 faiz artaraq ÜDM-in 68,7 faizini təşkil edəcəyini proqnozlaşdırır ki, bu da analoqlarun reytinq qrupunda ən yüksək göstəricidir.

Agentlik, həmçinin Azərbaycanın bank sektorunun stabil səviyyədə yaxşılaşdığını qeyd edir.

"2022-ci ilin sonunda vaxtı keçmiş kreditlərin əmsalı 2,9 faiz azalıb (2020-ci ilin sonunda 6,1% olub), orta kapitalın rentabelliyi 17,3 faiz təşkil edib, birinci səviyyəli kapitalın adekvatlığı əmsalı 15,2 faiz səviyyəsində olub, əmanətlər və depozitlər üzrə dollarlaşma səviyyəsi 2022-ci ildə 48 faizədək azalıb", - məlumatda deyilir.

Bundan başqa, "Fitch" analitiklərinin fikrincə, bank sektorunda tənzimləyici tərəfindən nəzarət yaxşılaşmaqdadır.

Qeyd edək ki, "Fitch Ratings Inc." dünyanın ən nüfuzlu reytinq agentliklərindən biridir. Agentliyin məqsədi müştəriləri üçün qərar qəbulunun effektivliyini artırmaq və biznes riskləri azaltmaq məqsədilə biznes analitikasının təqdim olunmasından ibarətdir.