Xətai rayonunda bir-neçə küçə təmir olunur İqtisadiyyat

Xətai rayonunda bir-neçə küçə təmir olunur

Xətai rayonunun bir-neçə küçəsində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmir-tikinti işləri aparılır. ASC-nin mətbuat xidmətindən bildirilib ki, hazırda təmir-tikinti işləri Məzahir Rüstəmov və Telnov küçələrində, həmçinin general Əliağa Şıxlinski küçəsinin bir hissəsində aparılır. Məzahir Rüstəmov küçəsinin uzunluğu 1400 metr, eni 14 metr, Telnov küçəsinin uzunluğu 1340 metr, eni 13 metr, general Əliağa Şıxlinski küçəsində təmir işlərinin aparıldığı ərazinin uzunluğu isə 500 metr, küçənin eni 14 metrdir.
Sözügedən küçələrin hər birində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə ikiqat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə Məzahir Rüstəmov küçəsinin 20 min kvadratmetr sahəsi, Telnov küçəsinin 17 min 500 kvadratmetr sahəsi, general Əliağa Şıxlinski küçəsinin isə 7 min kvadratmetr sahəsi asfaltlanacaq. Bundan başqa, təmir-tikinti işləri çərçivəsində piyada səkiləri bərpa olunaraq, asfaltlanır, küçələr boyu yeni səki daşları düzülür. Ümumilikdə Məzahir Rüstəmov küçəsinə 2800 poqonmetr, Telnov küçəsinə 2700 poqonmetr, general Əliağa Şıxlinski küçəsinə isə 1000 poqonmetr səki daşı düzüləcək.
Telnov və general Əliağa Şıxlinski küçələrinin kəsişməsində yerləşən dairənin ətrafında da təmir-tikinti işləri aparılır, asfalt-beton örtüyü yenilənir və dairənin kənarlarında olan köhnə səki daşları yeniləri ilə əvəzlənir. Bu işlərə paralel olaraq səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yağış barmaqlıqları yenilənir. İşlər yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Zəruri olan yerlərdə yeraltı kommunikasiya xətləri yenilənir, yolun hərəkət hissəsindən kənara çıxarılır. Təmir-tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda qüvvə cəlb olunub.