

2023-cü ilin birinci rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 34 milyon dollar (2022-ci ilin birinci rübündə 9 milyon dollar), əsaslı xərclərə isə 10 milyon dollar (2022-ci ilin birinci rübündə 4 milyon dollar) vəsait xərclənib.
Trend bu barədə cümə axşamı bp-yə istinadən xəbər verir.
Beləliklə, əməliyyat xərcləri və əsaslı xərclər illik hesablamada müvafiq olaraq 3,8 və 2,5 dəfə artıb.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2023-cü ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 539 milyon tondan çox (4 milyard barel) xam neft nəql edilib və 5314 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.
BTC Ko.-nun səhmdarları aşağıdakı kimidir: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%).