“Bakı sammiti regionun gələcək iqtisadi xəritəsinə təsir göstərəcək” İqtisadiyyat

“Bakı sammiti regionun gələcək iqtisadi xəritəsinə təsir göstərəcək”

"Üç regional ölkə - Azərbaycan, Rusiya və İran liderlərinin bir araya gəlməsi strateji əhəmiyyət daşıyır. Bunu açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov Bakı sammitinin iqtisadi əhəmiyyətini şərh edərkən deyib.
Onun sözlərinə görə, üçtərəfli görüşün Azərbaycan üçün digər strateji əhəmiyyəti ondan ibarətdir ki, regionun aparıcı iki ölkəsinin rəhbəri Azərbaycan paytaxtında bir araya gəldi.
Ekspert hesab edir ki, görüş həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyıb: "Əvvəla, Bakı sammitinin iqtisai baxımdan strateji üstünlüyü onan ibarətdir ki, burada "Şimal-Cənub" nəqliyyat dəhlizinin reallaşdırılması ilə bağlı məsələlər müzakirə olundu. Demək olar ki, bu dəhlizin həyata keçirilməsi üçün ilkin razılıq əldə edildi. Bu isə o deməkdir ki, Rusiya iş adamları Azərbaycan üzərindən öz yüklərini İran və Yaxın Şərq bazarına çıxaracaqlar. Azərbaycan tranzit ölkə olaraq təbii ki, bu yükdaşımalardan gəlir əldə edə biləcək. Eyni zamanda İran Azərbaycan üzərindən öz mallarını Rusiya bazarına çıxaracaq. Azərbaycan tranzit ölkə olaraq bundan da fayda götürəcək".
V.Bayramov əlavə edib ki, tərəflər Rusiya və İranı biləşdirən dəmiryol xəttinin istifadəsi məsələsini də müzakirə etdilər: "Bu isə nəqliyyat dəhlizinin bir elementidir. Azərbaycan üçün beynəlxalq yükdaşımalar prioritetdir. Xüsusilə də qeyri-neft sektorunun inkişafında və ölkəyə daxil olan valyuta həcminin artırılmasında nəqliyyat sektorunun, beynəlxalq yükdaşımalarının inkişaf etdirilməsinə ehtiyac var. Sözsüz ki, bu görüş birmənalı şəkildə nəqliyyat sektorunun inkişafını stimullaşıracaq və imkan verəcək ki, Azərbaycan tranzit ölkə olaraq əldə edilən razılaşmalardan faydalansın, gəlir əldə edə bilsin".
Ekspert görüşdə Azərbaycan-Rusiya, Azərbaycan-İran arasında ticarət əlaqələrinin genişləndirilməsi məsələsinin müzakirə olunduğuna da diqqət çəkib: "Azərbaycanın İranla birgə avtomobil zavodun inşa etməsi, birgə bank yaradılması, dərman istehsalında Azərbaycan-Rusiya şirkətlərinin ortaq əməkdaşlığı demək olar ki, razılaşdırıldı. Yəni görüşdə əldə edilən iqtisadi anlaşmalar yalnız nəqliyyat sektoru ilə tamamlanmadı. Həmçinin, bank, sənaye, aqrar sektorlar daxil olmaqla, tərəflər iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlıq imkanlarını müəyyənləşdirib, razılaşdırdılar. Bu baxımdan düşünürəm ki, Bakı sammiti regionun gələcək iqtisadi xəritəsinə təsir göstərəcək.
Azərbaycan üçün bu görüş vacib əhəmiyyət kəsb edirdi. Çünki Azərbaycan qeyri-neft sektoruna İran və Rusiyadan investisiya cəlb etmək niyyətindədir. Turizm sektorunda da əməkdaşlığın genişləndirilməsi müzkirə olundu.
Strateji baxımdan üç prezidentin görüşü həm də bu ölkələrin iqtisadi inkişafları baxımından vacib idi. Hesab edirəm ki, Azərbaycan üçün bu görüş kifayət qədər faydalı və səmərəli oldu, əldə edilmiş razılaşmalar yaxın zamanlarda qeyri-neft sektorunda bir sıra iri layihələrin rellaşmasına gətirib çıxaracaq".