“Könüllü vergi açıqlaması” sistemi tətbiq ediləcək İqtisadiyyat

“Könüllü vergi açıqlaması” sistemi tətbiq ediləcək

Azərbaycanda "Könüllü vergi açıqlaması" sistemi tətbiq ediləcək. Bu barədə Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, könüllü vergi açıqlaması vergi orqanı tərəfindən keçirilən vergi yoxlaması zamanı aşkar olunmamış səhvlərin vergi ödəyicisi tərəfindən könüllü olaraq bəyan edilməsini nəzərdə tutur. Bu isə vergi ödəyicisinə dəqiqləşmiş bəyannamə verilməsi hüququnu verir ki, həmin bəyannamə ilə könüllü açıqlanmış vergi məbləğlərinə görə vergi ödəyicisinə faiz hesablanması və maliyyə sanksiyasının tətbiqi istisna ediləcək.
Bu tədbir Azərbaycan Respublikası Prezidentinin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" 4 avqust 2016-cı il tarixli Sərəncamına uyğun həyata keçiriləcək.
Sərəncamda müəyyən edilmiş islahatların başlıca istiqamətləri biznes mühitinin bir qədər də yaxşılaşdırılması, vergi qanunvericiliyinin sahibkarlığın aparılması üçün daha əlverişli şərtlərin yaradılması və sahibkarların hüquqlarının genişləndirilməsi ilə bağlı müddəaları, həmçinin vergitutma bazasının genişləndirilməsi və vergi nəzarətinin səmərəliliyinin artırılması ilə bağlıdır.