Salyanda avtomobil yolu inşa olunur İqtisadiyyat

Salyanda avtomobil yolu inşa olunur

Salyan rayonunun 19 km uzunluğunda olan Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi davam etdirilir. Azəravtoyol ASC-dən verilən məlumata görə, Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolu torpaq və çınqıl örtüklü olduğu üçün xüsusən payız-qış mövsümündə vətəndaşların gediş-gəlişində problemlər yaşanırdı. Hazırda bu problemin aradan qaldırlması istiqamətində texnoloji ardıcıllığa riayət olunmaqla işlər aparılır.
Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilib. Hazırda qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılır. Buna paralel olaraq yola 2 qat olmaqla asfalt-beton örtüyü döşənir. Ümumilikdə, 115 min m2 ərazinin asfaltlanması nəzərdə tutulub.
Layihəyə uyğun olaraq yol yatağının eni 10 metr təşkil edir. Bura 6 metr yolun hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr olmaqla çiyinlər daxildir. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə suötürücü boruların tikintisi də aparılır. Bütün işlər "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işləri bitdikdən sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.
Qeyd edək ki, Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi 5 mindən çox əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə rayon mərkəzlərinə daşınmasına imkan yaranacaq.