İnfilyasiya və qiymət artımı gözləntiləri İqtisadiyyat

İnfilyasiya və qiymət artımı gözləntiləri

İnfilyasiya və qiymət artımları, hökumətin, beynəlxalq maliyyə qurumlarının iqtisadi artımla bağlı proqnozları, 2024-cü ildə iqtisadiyyat sahəsində gözləntilər hər kəsin maraq dairəsində olan məsələlərdir. Çünki bu amillər bizim həyatımızda birbaşa özünü göstərir. Xüsusən də pandemiyadan sonrakı dövrdə hər il baş verən qiymət artımları və bu prosesin davamlı olması hər bir ailənin xərclərini artırır. O baxımdan 2024-cü ildə hökumətin pul siyasəti, anti-infilyasiya tədbirləri, dünyada baş verən iqtisadi təlatümlər fonunda proqnozlar maraq kəsb edir.

Mərkəzi Bank 2024-cü ilin pul siyasətinin əsas istiqamətlərini açıqlayıb, bu zaman qlobal iqtisadiyyat və əmtəə bazarları, habelə ölkənin xarici, fiskal, maliyyə və real sektorları üzrə proqnozları nəzərə alınıb. Proqnozlara görə bu il qlobal iqtisadi artımın azalacağı, qlobal enerji və ərzaq qiymətlərinin sabitləşəcəyi, habelə ticarət tərəfdaşlarında inflyasiya proseslərinin səngiyəcəyi gözlənilir. Ümumilikdə, xarici şəraitin Azərbaycan iqtisadiyyatı üçün əlverişli olaraq qalacağı proqnozlaşdırılır. 2024-cü ilə qlobal iqtisadi artıma dair proqnozlar qlobal aktivliklə bağlı qeyri-müəyyənlik və inflyasiya ilə mübarizənin davam etməsi fonunda aparıcı ölkələrdə monetar siyasətin sərt qalması şəraitində formalaşır. Əlavə olaraq dünyada fraqmentasiyanın daha da dərinləşməsi, dövlət borcu böhranının daha çox ölkəyə yayılması ehtimalı, Çindəki iqtisadi bərpanın əmlak bazarında hələ də davam edən problemlər nəticəsində zəif qalması qlobal iqtisadi artım gözləntilərinə mənfi təsir göstərir. 2023-cü ildə bəzi Avropa ölkələrində ressesiyanın artıq baş verməsi qlobal ressesiya ilə bağlı riskləri daha da artırmışdır.

BVF-nun oktyabr hesabatına əsasən 2024-cü ildə qlobal iqtisadiyyatın artım proqnozu bir öncəki proqnozla müqayisədə 0.1 faiz bəndi aşağı düşüb - 2.9%. Hesabatda iqtisadi artımın inkişaf etmiş ölkələrdə 1.4%, inkişaf etməkdə olan ölkələrdə isə 4% olacağı proqnozlaşdırılır. Aparıcı ölkələrdə maliyyə sabitliyi ilə bağlı risklərin 8 geniş miqyasda reallaşması bu proqnozların özünü doğrultmasına mənfi təsir edə bilər. Proqnozlar 2024-cü ildə dünyada inflyasiya təzyiqlərinin zəif templərlə azalacağını göstərir. BVF-nin son proqnozlarına görə dünya üzrə inflyasiyanın 2023-cü ildəki 6.9%-dən 2024-cü ildə 5.8%-ə enəcəyi gözlənilir.

Qeyd edək ki, 2017-2019- cu illərdə orta hesabla illik inflyasiya göstəricisi 3.4% olmuşdur. Ümumilikdə qiymətlərin gözlənilən dinamikası ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır. BVF özünün son hesabatında əmtəə qiymətlərinə təsir ehtimalı yüksək olan bəzi mənfi şoklara toxunmuşdur. Belə ki, iqlim dəyişikliklərilə bağlı orta temperaturun gözləniləndən daha çox artması, geosiyasi gərginliklər fonunda dünya iqtisadiyyatının bloklara ayrılması əmtəə, xüsusilə də ərzaq və enerji qiymətlərinin yenidən artmasına səbəb ola bilər. İqtisadi artımın yavaşlaması qlobal ticarətin dinamikasına da təsir göstərməkdədir. Son proqnozlara görə dünya ticarətində artımın 2024-cü ildə 3.5% olacağı gözlənilir ki, bu da 2000-2019-cu illərin orta göstəricisi olan 4.9 faizdən xeyli aşağıdır.

Dünya ticarətinin dinamikasına qlobal ticarətdə maneələrin artması, ötən dövrlərdə ABŞ dollarının bahalaşması təsir etməkdədir. Enerji daşıyıcılarının dünya qiymətləri növbəti ildə də qlobal iqtisadi aktivlik, geosiyasi amillər və OPEC++ çərçivəsində qəbul edilən qərarların təsiri altında formalaşacaq. OPEC++ tərəfindən xam neft hasilatının azaldılmasının uzadılması neft qiymətinə artırıcı təsir edəcək. Qlobal iqtisadi aktivliyin zəifləməsi isə dünya enerji qiymətlərinə azaldıcı təsir göstərəcək. BVF 2024-cü ildə neftin qiymətinin 80 ABŞ dolları ətrafında olacağını proqnozlaşdırır. Bu isə əsas gəlirləri neft-qaz sektorundan formalaşan Azərbaycan üçün əlverişli rəqəm olmaqla yaxşı xəbərdir. Ölkədə maliyyə sabitlyini qoruyub saxlamaq, manatın məzənnəsini eyni həddə saxlamaq (1 dollar 1.7 manat), yüksək infilyasiya risklərini cilovlamaq üçün neftin orta illik qiymətinin 60 dollardan yüksək olması vacibdir. Hər halda bu baxımdan proqnozlar nikbinliyə əsas verir.

Azərbaycan iqtisadiyyatının fəaliyyət mühitinin yüksək dəyişkənliyini nəzərə alaraq Mərkəzi Bank 2024-cü ildə də makroiqtisadi proqnozları müxtəlif ssenarilər üzrə müntəzəm yeniləyəcəyini açıqlayıb. Qiymətləndirmələrə görə 2024-ci ildə də tədiyə balansının cari əməliyyatlar hesabında profisit gözlənilir. Baza ssenari üzrə son proqnozlara görə 2024-cü ildə cari əməliyyatlar hesabının profisiti 7-8 mlrd. ABŞ dolları olmaqla ÜDM-in 9-10%-i səviyyəsində gözlənilir. 2024-cü ildə də qlobal geosiyasi vəziyyət, əsas ixrac məhsulları üzrə dünya qiymətləri, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri neft-qaz sektoru üzrə ixrac potensialı Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaqdır.

2024-cü ildə Azərbaycan iqtisadiyyatının real sektorunda artımın davam edəcəyi proqnozlaşdırılır. Mərkəzi Bankın proqnozlarına görə 2024-cü ildə real iqtisadi artım tempinin 3-3.5%, o cümlədən qeyri neft-qaz sektoru üzrə 5-5.5% civarında olacağı gözlənilir. Növbəti ildə də işğaldan azad edilmiş ərazilərdə iri miqyaslı bərpa-quruculuq işləri iqtisadi artıma müsbət impulslar verəcək. Ölkədə makroiqtisadi sabitliyin qorunması iqtisadi artım proqnozunun reallaşmasının əsas şərtlərindən biri olaraq qalacaqdır. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və aparıcı reytinq agentliklərinin də Azərbaycandakı iqtisadi artımın perspektivləri ilə bağlı gözləntiləri nikbindir.

İqtisadi siyasətin digər istiqamətləri çərçivəsində həyata keçirilən tədbirlər də Mərkəzi Bankın makroiqtisadi proqnozlarının hazırlanmasında nəzərə alınacaq. 2024-cü ildə də fiskal siyasət pul siyasətinin həyata keçirilməsi şəraitinə, bank sisteminin likvidliyinə, valyuta bazarına və məcmu tələbə təsir göstərən amillərdən biri olacaq. Növbəti ildə büdcə qaydasının tətbiqinin davam etdirilməsi və borclanmanın yeni qəbul edilmiş parametrlər çərçivəsində həyata keçirilməsi fiskal dayanıqlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət investisiyaları ölkənin istehsal potensialının artırılmasına və onun strukturunun optimallaşdırılmasına əhəmiyyətli töhfə verə bilər ki, bu da uzunmüddətli dövrdə inflyasiyaya təsir göstərəcək amildir.

Ancaq bütün tədbirlərə rəğmən bu il də infilyasiya və qiymət artmları baş verəcək. Mərkəzi Bankın son proqnozlarına görə davam edən pul siyasəti nəzərə alınmaqla 2024-cü ildə illik inflyasiyanın 5-5.5% civarında olacağı gözlənilir. İnflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonunda formalaşmasını dəstəkləyəcək. Bununla belə, qiymət sabitliyi ilə bağlı bir sıra risklər 2024-cü il üzrə də aktuallığını saxlayır. Növbəti ildə də xarici faktorlar – dünya bazarında əmtəə qiymətlərinin dinamikası və ticarət tərəfdaşlarında inflyasiya prosesləri ölkədəki inflyasiya proseslərinə təsir göstərəcək. Qlobal mühitdə geosiyasi gərginliyin davam etməsi şəraitində 10 sözügedən xarici faktorlar çox dəyişkən ola bilər. Qlobal iqtisadi aktivliyin azalması və ayrı-ayrı ölkələrdəki maliyyə sabitliyi risklərinin qlobal miqyasda reallaşması da müxtəlif kanallarla ölkədəki makroiqtisadi sabitliyə təsir edə bilər. Xüsusən də dünya enerji qiymətlərinin kəskin dəyişkənliyi Azərbaycanın xarici şəraiti üçün təhdid yarada bilər. Qeyd edək ki, mümkün xarici şokun neqativ təsirlərinin minimallaşdırılması sahəsində hökumətlə Mərkəzi Bankın böhran idarəetməsi təcrübəsi və kifayət qədər resursları mövcuddur. Məcmu tələbin izafi genişlənməsi, xərc amillərinin təsirilə inflyasiya gözləntilərinin artması isə inflyasiya hədəfinə nail olmaqda başlıca daxili risk mənbələridir. Mövcud meyillərin davam etməsi halında fiskal məqsədlər üçün alışyönlü valyuta müdaxilələrinin 2024-cü ildə həyata keçirilməsi ehtimalı var. Məcmu tələb ölkənin istehsal potensialı ilə müqayisədə daha yüksək templərlə genişləndiyi təqdirdə qiymətlərlə yanaşı idxalın genişlənməsi də baş verir ki, bu da perspektiv dövrdə cari əməliyyatlar balansının profisitinin daralmasına səbəb ola bilər. Orta aylıq əməkhaqqının əmək məhsuldarlığı ilə müqayisədə daha sürətlə artması uzunmüddətli dövrdə inflyasiya riskləri doğurur. Bir sözlə, bu il də qiymət artımları gözlənilir...

Mahir Həmzəoğlu