SOCAR “Statoil” ilə insan resursları sahəsində müzakirələr aparılıb İqtisadiyyat

SOCAR “Statoil” ilə insan resursları sahəsində müzakirələr aparılıb

SOCAR-da Norveçin "Statoil" şirkətinin insan resursları üzrə rəhbərləri ilə müzakirə aparılıb. SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, noyabrın 3-də şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov "Statoil" şirkətinin beynəlxalq layihələr portfoliosu və insan resursları üzrə vitse-prezidenti xanım Beate Hamre Deck, beynəlxalq əməliyyatlar və insan resursları üzrə meneceri Andre Steinsett Mathiesen və "Statoil"un Azərbaycan ofisinin insan resursları, maliyyə və biznesə dəstək meneceri Emin Xəlilovla görüşüb.
X.Məmmədov bildirib ki, şirkətlər arasında insan resurslarının idarə edilməsi prosesinə dair fikir mübadiləsi xüsusi əhəmiyyət daşıyır və fəaliyyətin effektivliyinə mühüm töhfə verə bilər. SOCAR-da həyata keçirilən insan resursları funksiyalarının transformasiya layihəsi haqqında məlumat verən şirkətin vitse-prezidenti son illərdə bu istiqamətdə bir neçə layihənin uğurla reallaşdırıldığını qeyd edib və SOCAR-ın İRİE fəaliyyətinin qurulmasında sosial məsuliyyətin vacib amil olmasını diqqətə çatdırıb.
Daha sonra "Statoil" şirkətinin beynəlxalq layihələr portfoliosu və insan resursları üzrə vitse-prezidenti xanım Beate Hamre Deck görüşün ikitərəfli əməkdaşlıqda mühüm rol oynayacağına əminliyini ifadə edib və təmsil etdiyi şirkətin insan resursları strukturu, funksiyaları barədə məlumat verib. Həmçinin "Statoil"un beynəlxalq əməliyyatlar və insan resursları üzrə meneceri Andre Steinsett Mathiesen insan resursları funksiyalarının icrasında qarşılaşdıqları problemlərdən söz açıb.
Qonaqlar SOCAR-ın mütəxəssislərinin insan resursları prosesləri ilə bağlı suallarını cavablandırıb, suallar ətrafında müzakirələr aparılıb. Məlum olub ki, İRİE sisteminin qurulması dünyanın bütün iri neft şirkətlərində hər zaman çətinliklər doğurur və dəyişikliklərin tətbiqi güclü müqavimətlə qarşılanır. "Statoil" şirkəti də mövcud bazar reallıqlarını nəzərə alaraq hazırda insan resursları transformasiya proqramını tətbiq etmək ərəfəsindədir.