“Bu il neftin orta qiyməti 55 dollar olacaq“ İqtisadiyyat

“Bu il neftin orta qiyməti 55 dollar olacaq“

"Neftin hasilatının azaldılmasına dair anlaşma qüvvəyə mindikdən sonra bazar müəyyən qədər balanslaşıb". Bunu "Bloomberg" telekanalına müsahibəsində BP şirkətinin baş icraçı direktoru Robert Dadli bildirib. Onun proqnozuna əsasən, bu il neftin 1 barrelinin orta qiyməti 55 dollar təşkil edəcək. R.Dadli əlavə edib ki, OPEC üzvləri və kartelə üzv olmayan ölkələr hasilatın azaldılmasına dair əldə olunan razılaşmaya sadiqdir və üzərinə düşən öhdəlikləri yerinə yetirəcəklər: "Buna görə, BP hesab edir ki, bazar balanslaşıb və ciddi planlar barədə düşünmək olar. Lakin biz intizamlı şəkildə xərcləyəcəyik".
Dünya birjalarında neft bahalaşır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,78 dollar və 1,49% artaraq 53,15 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,72 dollar və ya 1,29% artaraq 56,58 dollar olub. Neftin bahalaşmasına Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falihin açıqlaması səbəb olub. Nazir bildirib ki, hazırda neft bazarı bərpa olunmaqdadır və "bu proses cari ilin birinci yarısının sonunadək başa çatacaq". "Düzdür, bu müddət ərzində çox şey baş verə bilər, iyunun sonunda vəziyyəti qiymətləndirə bilərik", - deyə o bildirib. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl əl-Mərzui isə qeyd edib ki, hazırda olduqca iri həcmdə olan ABŞ-ın kommersiya ehtiyatları tükənəcək.