Novruz bayramında banklar gücləndirilmiş rejimdə işləyəcək İqtisadiyyat

Novruz bayramında banklar gücləndirilmiş rejimdə işləyəcək

30-a yaxın bankın 100-ə yaxın filial və şöbəsi Novruz bayramı ilə əlaqədar olaraq 9 qeyri-iş günlərində ölkə əhalisi və turistlərə xidmət göstərəcək. Bu barədə Trend-ə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib. Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) istehlakçıların Novruz bayramı ərəfəsində və bayram günlərində bank xidmətlərinə rahat çıxışının təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirməkdə davam edir. Belə ki, Palatanın tövsiyyəsi ilə Novruz bayramı ilə əlaqədar olacaq 9 qeyri-iş günlərində 30-a yaxın bankın 100-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq.
Novruz bayrami ilə əlaqədar olaraq, ölkəmizə əhəmiyyətli turist axının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi əməliyyatlarını rahat həyata keçirə bilmələri üçün Palata paytaxtda və əsas turizm bölgələrində yerləşən bankların filial və şöbələrinə gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə etmişdir. Belə ki, 7 bankın Bakı və Qəbələdə yerləşən 16 filial və şöbəsi 24/7 rejimində fəaliyyət göstərəcək.
Bundan əlavə, bankların Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Astara, Şəki, Xaçmaz və Naxçıvan şəhərlərində yerləşən filial və şöbələri müştərilərə xidmət göstərəcək. Bəzi turizm və ticarət obyektlərində valyuta mübadiləsi avtomatları quraşdırılmışdır. Həmçinin, xüsusi broşur dərc edilərək Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə turizm şirkətlərinə və mehmanxalara paylanılacaq. O cümlədən, bayram günlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları Palatada yaradılmış qaynar xəttə müraciət edə bilərlər.