“Ukrayna müharibəsi əvvəlki strateji xətlə davam edə bilməz” Dünya

“Ukrayna müharibəsi əvvəlki strateji xətlə davam edə bilməz”

“Kiyevin yaxın 100 gün ərzində seçkilərin keçirilməsinə razılıq verməsi, NATO üzvlüyündən imtina etməyə hazır olduğunu bildirməsi və mövcud təmas xəttinin “dondurulması” ilə bağlı siqnallar Ukrayna müharibəsində yeni siyasi mərhələnin başlandığını göstərir. Bu yanaşma ölkənin həm daxili, həm də xarici siyasətində kəskin dönüş anlamına gəlir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.

Politoloq deyib ki, son iki ildə NATO üzvlüyü Kiyevin əsas strateji hədəfi kimi təqdim olunmuşdu, indi isə bu mövqedən geri addım Ukraynanın artıq müharibəni davam etdirmə gücünün əvvəlki kimi olmadığını göstərir: “Seçki çağırışı da Zelenski administrasiyasının beynəlxalq legitimlik məsələsinə həssas yanaşdığını və Qərb paytaxtlarının artan siyasi təzyiqini nəzərə aldığını nümayiş etdirir. Bu qərarların arxasında duran əsas səbəb Ukraynanın hərbi və maliyyə resurslarının tükənməsi ilə yanaşı, ABŞ-nin yeni administrasiyasının Kiyevdən daha praqmatik davranmasını tələb etməsidir”.

Z.Qarayeva əlavə edib ki, Vaşinqton müharibənin sonsuz şəkildə davam etdirilməsinin mümkün olmadığını və sülh danışıqlarının çərçivəsinin artıq müəyyənləşdiyini açıq şəkildə hiss etdirir: “Təmas xəttinin dondurulması Ukraynanın ərazi bütövlüyündən geri çəkilmək anlamına gəlsə də, hazırkı geosiyasi reallıq fonunda Kiyev üçün zaman qazanmaq və daxili vəziyyəti sabitləşdirmək baxımından yeganə alternativ kimi görünür. Bütün bunlar onu göstərir ki, Ukrayna müharibəsi artıq əvvəlki strateji xətlə davam edə bilməz və Qərbin diktə etdiyi yeni siyasi reallıq Kiyev üçün qaçılmazdır”.

Röya İsrafilova