“Seçkilər Ermənistanı Qərb–Rusiya meydanına çevirəcək” Gündəm

“Seçkilər Ermənistanı Qərb–Rusiya meydanına çevirəcək”

“2026-cı il seçkiləri Qərb–Rusiya qarşıdurmasının əsas meydanlarından birinə çevriləcək və bu prosesdə Ermənistan mühüm rol oynayacaq”.

Bunu politoloq Vaqif Hüseyn Xalqcebhesi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiyanın təsir və təbliğat mexanizmlərinin necə işlədiyi artıq hər kəsə məlumdur və məhz bu səbəbdən Ermənistanın baş naziri Nikol Paşinyan tək qalacağını anlayaraq açıq şəkildə Avropadan dəstək istəyir: “Avropa İttifaqı da bu dəstəyi açıq formada verəcəyini bəyan edib. Bu prosesləri təkcə Ermənistanda deyil, daha əvvəl Moldovada da müşahidə etmişik. Avropanın ciddi maliyyə və siyasi dəstəyi hesabına Moldovada qərbyönümlü hökumət və parlamenti saxlamaq mümkün oldu. Avropadan gələn vəsaitlər olmasaydı, bu nəticəni əldə etmək çətin olardı.Ermənistanda seçkilərə təsir imkanları bir neçə əsas faktordan asılıdır. O bildirib ki, müxalifətin hakimiyyətə gəlmək üçün real ideoloji platforması yoxdur və onların yapışa biləcəyi yeganə şüar Qarabağ mövzusudur. Qarabağ erməniləri faktoru yenidən gündəmə gətirilə bilər. Ermənistan cəmiyyətinin əvvəlki davranışı da göstərdi ki, məğlubiyyətdən sonra belə Paşinyan səs toplaya bildi. Bu isə emosional manipulyasiya imkanlarının hələ də mövcud olduğunu göstərir”.

V.Hüseyn əlavə edib ki, əsas təsir imkanları birbaşa iqtisadi vəziyyətlə bağlı olacaq: “Əgər Ermənistanda iqtisadi durum pisləşərsə, xarici təsir imkanları artacaq. Əksinə, müəyyən iqtisadi sabitlik qorunarsa və Avropa tərəfindən real dəstək göstərilərsə, bu təsirlərin zəifləməsi mümkündür”.

Günel Elxan