“Ermənistanı ciddi daxili sarsıntılar gözləyir” Gündəm

“Ermənistanı ciddi daxili sarsıntılar gözləyir”

Ermənistan hazırda olduqca həlledici və təhlükəli bir keçid dövrünə daxil olub.

Bu sözləri politoloq Elçin Xalidbəyli Xalqcebhesi.az-a açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, bu mərhələ ölkənin gələcək taleyini müəyyən edə biləcək ciddi siyasi proseslərlə müşayiət olunur və artıq Ermənistanda Qərbyönümlü qüvvələrlə Rusiyanın təsir dairəsində qalmağı müdafiə edən dairələr arasında açıq siyasi-ictimai qarşıdurma başlayıb: “Gələn il keçiriləcək parlament seçkiləri Ermənistanın hansı geosiyasi istiqaməti seçəcəyini birmənalı şəkildə müəyyənləşdirəcək. Əgər Paşinyan hakimiyyəti seçkilərdə qalib gələrsə, Ermənistanın Qərbə inteqrasiya siyasəti davam edəcək və Rusiyadan uzaqlaşma xətti daha da güclənəcək. Əks halda, Rusiyanın Ermənistandakı agentura şəbəkəsinin təmsilçiləri hakimiyyətə gələrsə, bu proses təkcə Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün ciddi dəyişikliklərə yol aça bilər. Xüsusilə Qarabağ klanına bağlı siyasi dairələrin və Rusiyaya yaxın agentura şəbəkəsinin hakimiyyətə gəlməsi Paşinyan da daxil olmaqla mövcud hakimiyyət təmsilçiləri üçün ciddi risklər yaradır: “Belə bir ssenaridə indiki hakimiyyət nümayəndələrinin böyük əksəriyyətinin həbs olunması ehtimalı realdır. Paşinyan və onun komandası bu təhlükəni çox yaxşı anlayır. Məhz bu təhlükələr səbəbindən Paşinyan hakimiyyəti Qərbə inteqrasiya kursunu sürətləndirir və Avropa İttifaqından açıq şəkildə dəstək istəyir: “Onlar hesab edirlər ki, Avropa Birliyinin siyasi və institusional dəstəyi növbəti parlament seçkilərində qalib gəlmək üçün həlledici rol oynaya bilər”.

Politoloq əlavə edib ki, Paşinyan hakimiyyətinin əsas narahatlığı təkcə seçkilərin nəticələri ilə bağlı deyil: “Hakimiyyət daha çox Rusiyanın və onun Ermənistandakı agentura şəbəkəsinin mümkün silahlı və hərbi təxribatlar törətmək ehtimalından ehtiyat edir. Belə təxribatlar ölkə daxilində vətəndaş qarşıdurmasına yol aça bilər. Məhz buna görə də rəsmi İrəvan Avropa İttifaqından həm siyasi, həm də təhlükəsizlik baxımından dəstək gözləyir”.

Günel Elxan