“Qarabağ klanı Ermənistanda revanşist prosesləri gücləndirir”
15 Dekabr 21:55

“Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezident Kaya Kallasın verdiyi açıqlama Ermənistan ətrafında formalaşan təhlükəli geosiyasi vəziyyəti açıq şəkildə ortaya qoyur”.
Bunu Millət vəkili Elman Nəsirov Xalqcebhesi.az-a açıqlaması zamanı deyib.
Deputatın sözlərinə görə, Ermənistanın Avropa İttifaqına rəsmi müraciət edərək yardım istəməsi təsadüfi deyil və bu məsələ Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin iclasında müzakirə olunması da vəziyyətin ciddiliyindən xəbər verir: “Ermənistanda 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkiləri fonunda bu müraciətin əsas motivləri aydın görünür. Hazırda Rusiya–Ukrayna müharibəsinin yaxın vaxtlarda başa çatması ehtimalı ciddi şəkildə müzakirə olunur. Hətta Ukraynanın kapitulyasiya aktına imza atması mövzusu gündəmə gətirilir. Bu proseslərdə Avropa İttifaqının danışıqlardan kənarda qalması ehtimalı da Ermənistan üçün əlavə risklər yaradır. Müharibə başa çatarsa, Rusiyanın regionda, xüsusilə də Cənubi Qafqazda təsir imkanları arta bilər: “Belə olan halda ilk hədəflərdən biri Paşinyan hakimiyyəti olacaq. Rusiya Ermənistanda daxili təzyiq mexanizmlərini işə sala, remanşist qüvvələrdən və Qarabağ klanı ilə bağlı siyasi dairələrdən istifadə edə bilər.
Artıq bu istiqamətdə təhlükəli tendensiyalar açıq şəkildə müşahidə olunur. Qarabağ klanının bəzi nümayəndələri və müharibə cinayətlərində ittiham olunan şəxslər son dövrlər daha fəal mövqe sərgiləyirlər. Onlar Qarabağ ermənilərinin geri qaytarılması kimi revanşist çağırışlarla çıxış edir, Ermənistan hakimiyyətini guya milli maraqlardan geri çəkilməkdə ittiham edirlər. Məqsəd qarşıdan gələn parlament seçkiləri ərəfəsində Paşinyan hakimiyyətinin mövqelərini zəiflətmək və ölkədə daxili sabitliyi pozmaqdır”.
Millət vəkili əlavə edib ki, bu qüvvələr Rusiyanın müəyyən siyasi və hərbi dairələrindən dəstək almaq niyyətini gizlətmir: “Paralel olaraq Rusiya mediası vasitəsilə Ermənistan hakimiyyətinə qarşı dezinformasiya müharibəsi də genişlənib. Bu reallıqlar Avropa İttifaqında ciddi narahatlıq doğurur və məhz buna görə də Aİ Ermənistanı tək buraxmamaq mövqeyi sərgiləyir. Avropa İttifaqının xarici işlər nazirlərinin bir araya gəlməsinin əsas səbəbi də Paşinyan hakimiyyətinə siyasi, maddi və institusional dəstək imkanlarını müzakirə etməkdir: “Yaxın vaxtlarda Avropa İttifaqının Ermənistan hakimiyyətinə müxtəlif formatlarda dəstək göstərilməsi və bu istiqamətdə konkret razılaşmaların əldə olunması istisna edilmir”.
Günel Elxan