Əmək bazarı və sosial müdafiə islahatları İqtisadiyyat

Əmək bazarı və sosial müdafiə islahatları

Səlim Müslümov: "İşsizlik səviyyəsi 5 faizədək, yoxsulluq səviyyəsi isə 5,3 faizədək azalıb"

Tərlan

Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı, aidiyyati dövlət qurumlarının, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələrinin iştirakı ilə "Əmək bazarı və sosial müdafiə islahatları: beynəlxalq tərəfdaşların rolu" mövzusunda konfrans keçirilib. Hazirliyin məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə əmək və əhalinin sosial müdafiəsi sahəsində uğurlu islahatların aparıldığını vurğulayıb: "Bu tədbirin keçirilməsində məqsəd də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və beynəlxalq donor təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsi, fəaliyyətin daha səmərəli koordinasiya edilməsi, gələcək əməkdaşlığa və fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsinin aparılmasıdır".
S.Müslümov son illərdə Azərbaycanda uğurlu islahatlar nəticəsində əldə olunan nailiyyətlərin nüfuzlu beynəlxalq institutlar, reytinq təşkilatları tərəfindən də yüksək qiymətləndirildiyini bildirib: "Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business" 2013-cü il üçün hesabatında Azərbaycan mövqeyini yaxşılaşdıraraq iqtisadiyyatın rəqabətə davamlılığına görə dünya ölkələri sırasında 39-cu yeri tutub. Sahibkarlığın inkişafı istiqamətində dövlətin fiskal siyasəti, o cümlədən güzəştli kreditlərin verilməsi, investisiya fəaliyyətinin gücləndirilməsi, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması, antiinhisar və digər iqtisadi münasibətlərin tənzimlənməsi uğurlu nəticələrini verib. Belə ki, son 10 il ərzində ölkədə 99,8 faizi qeyri-neft sektorunda və 78,2 faizi regionlarda olmaqla 1 mln. 200 mindən artıq yeni iş yeri açılıb. Bu müddətdə ölkədə işsizlik səviyyəsi 10,6 faizdən 5 faizədək, yoxsulluq səviyyəsi isə 44,7 faizdən 5,3 faizədək azalıb".
Nazir bildirib ki, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması, institusional islahatların davam etdirilməsi və s. istiqamətlərdə Azərbaycanın gələcək illər üçün inkişaf prioritetləri müəyyən edilib. "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nın, digər sosial yönümlü dövlət proqramlarının uğurlu icrası sayəsində işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, işsizlərin, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə nail olunub. Həmçinin əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması və rəqabət qabiliyyətinin artırılması, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması, bütövlükdə insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsi istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə müvafiq tədbirlər həyata keçirilib: "Tədbirlərin digər istiqaməti isə qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması və əmək münasibətinin leqallaşdırılması, əmək haqlarının vergidən və sosial sığorta ödəmələrindən yayınmaqla verilməsi hallarının qarşısının alınması, eyni zamanda işçi vətəndaşın gələcək sosial təminat hüququna malik olmasına əsas yaradılmasıdır. Bu məqsədlə aparılan islahat tədbirlərindən biri kimi Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən cari ilin yayından etibarən əmək müqavilələrinin əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə daxil edilməsinə başlanacaq. Hazırda sistemin istifadəyə verilməsi üzrə işlər yekunlaşmaqdadır". S.Müslümov həmçinin əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiyanın layihəsinin hazırlanaraq, bu ilin mart ayında Nazirlər Kabinetinə təqdim olunduğunu bildirib.
Nazirliyin əsas fəaliyyət sahələrindən biri kimi ünvanlı dövlət sosial yardımı proqramının icrasından söz açan nazir hazırda 130 mindən artıq ailənin bu proqramdan faydalandığını nəzərə çatdırıb: "Son bir il ərzində aktiv sosial yardım və ya özünə yardım proqramının tətbiqinə pilot əsaslarla başlanılıb. Bu proqram çərçivəsində ailələr öz sosial yardım müavinətlərinin bir illik məbləğini bir dəfəyə ala və bu vəsaiti gəlir əldə etməyə imkan verən müxtəlif fəaliyyətlərə yönəldə bilirlər. Nəticələr çox ümidvericidir, benefisiarların 90 faizindən çoxu gəlirlərini artırmağa nail olublar". S.Müslümov fiziki məhdudiyyəti olan və çətin şəraitdə yaşayan uşaqlara müxtəlif növ sosial xidmətlərin göstərilməsi üçün ötən ildən vətəndaş cəmiyyəti təşkilatlarına sosial xidmət sifarişlərinin verilməsinə başlandığını, bu xidmətlərdən 2500-dən artıq uşağın və onların ailələrinin istifadə etdiyini bildirib.
Nazirliyin fəaliyyət sahələrində aparılan islahatlar prosesində nüfuzlu beynəlxalq təşkilatlarla, xarici ölkələrin müvafiq dövlət qurumları ilə fəal əməkdaşlığın həyata keçirildiyini deyən S.Müslümov bildirib ki, dünyanın 20-dən artıq ölkəsinin, o cümlədən Almaniya, Avstriya, Niderland, İsveç, Türkiyə və digər ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli əlaqələr qurulub və inkişaf etdirilir: "İndiyədək nazirliyin səlahiyyət dairəsi çərçivəsində xarici ölkələrin aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla 30-dan artıq hökumətlərarası və nazirliklərarası saziş, protokol, memorandum və proqram imzalanıb və müntəzəm olaraq görüşlər keçirilir. Eyni zamanda, nazirlik Beynəlxalq Əmək Təşkilatı, BMT-nin İnkişaf Proqramı, Dünya Bankı, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Əhali Fondu, BMT-nin Uşaq Fondu, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Avropa İttifaqı, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və digər qurumlarla əməkdaşlıq şəraitində fəaliyyət göstərir".
Nazir vurğulayıb ki, Azərbaycan BMT-nin "Bütün əmək miqrantların və onların ailə üzvlərinin hühquqlarının qorunması haqqında", "Əlilliyi olan şəxslərin hüquqlarına dair" Konvensiyalarını, BƏT-in əmək və məşğulluq sahəsində əsas insan hüquqlarını əhatə edən ümumilikdə 57 Konvensiyasını, "Dəyişdirilmiş Avropa Sosial Xartiyası"nın müəyyən bəndlərini ratifikasiya edib. Digər tərəfdən, Avropa Şurasının "Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə tam iştirakının dəstəklənməsi: 2006-2015-ci illər ərzində əlilliyi olan şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması üzrə Avropa Şurasının Tədbirlər Planı" çərçivəsində bu təşkilatla əməkdaşlıq həyata keçirilir.