2025-ci ilin I yarımilində qeyri neft-qaz sektorunun - İcmalı İqtisadiyyat

2025-ci ilin I yarımilində qeyri neft-qaz sektorunun - İcmalı

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 62 milyard 78.2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.5% faiz çox ümumi daxili məhsul istehsal olunub.

“APA-Economics”in xəbərinə görə, cari ilin ilk 6 ayı ərzində Azərbaycanın qeyri neft-qaz sektorunda ümumi daxili məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.9 faiz artaraq 42 milyard 985 milyon manata yüksəlib. Bu dövrdə qeyri neft-qaz sektorunun ÜDM-də payı 69.2% təşkil edib.
Qeyri neft-qaz sektorunda sənaye məhsulu istehsalı 6.3 faiz artıb

2025-ci ilin yanvar-iyun aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 31,2 milyard manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz az sənaye məhsulu istehsal edilib, məhsul istehsalı neft-qaz sektorunda 3,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,3 faiz artıb.

Ölkənin qeyri-neft sektoru üzrə ixracı 10%-ə yaxın artıb

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9.9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

2025-ci ilin yanvar-iyun aylarında yeyinti məhsullarının ixracı 19,1% artaraq 564.7 milyon ABŞ dollarına bərabər olub.

2025-ci ilin yanvar-iyun aylarında aqrar məhsulların ixracı 21.9% artaraq 455,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı 7,7% artaraq 145 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18.2% artaraq 600,3 milyon ABŞ dolları təşkil edib.

Cari ilin ilk altı ayında Rusiya Federasiyasına 586 milyon ABŞ dolları, Türkiyəyə 287.3 milyon ABŞ dolları, Gürcüstana 154.8 milyon ABŞ dolları, İsveçrəyə 151.5 milyon ABŞ dolları, Ukraynaya isə 95.8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Qeyri-neft özəl sektorunda əmək müqavilələrinin sayı 1 milyona yaxınlaşıb

2019-cu ilin əvvəli ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində bağlanmış əmək müqavilələrinin sayı 2025-ci ilin iyul ayının 1-nə 451.682 vahid artaraq 991 604 olub.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9%-dən çox artıb

Bu ilin I yarımilində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 703,7 milyon manata yaxın vergi daxil olub, proqnoza 105,7 faiz əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 421,6 milyon manat və ya 5,1 faiz çox olub.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 6 milyard 421,6 milyon manat təşkil edib, proqnoz 103,6 faiz icra olunub. Əvvəlki ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 546,8 milyon manat və ya 9,3 faiz artıb.

Ödənilən vergilərin 73,8 faizi qeyri-neft-qaz sektorunun, 26,2 faizi isə neft-qaz sektorunun payına düşüb.

Dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə gəlirləri 10 milyard manatı ötüb

Dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları 2025-ci ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 51,9 faizini təşkil etməklə 10277,3 milyon manat olmuşdur ki, bu da proqnozla müqayisədə 457,0 milyon manat və ya 4,7 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 232,3 milyon manat və ya 2,3 faiz çoxdur.

Cari ilin birinci yarısında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 62,4 faizini və ya 6417,6 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 30,1 faizini və ya 3091,1 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3,0 faizini və ya 312,2 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, 4,3 faizini və ya 434,5 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 21,9 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edir.

Qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 13%-dən çox artıb

2025-ci ilin I yarımilində əsas kapitala 8 milyard 73.5 milyon manat investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 13,5 faiz artıb. Ümumi sərmayənin 4067,9 milyon manatı və ya 50,4 faizi məhsul istehsalı sahələrinin, 2672,0 milyon manatı (33,1 faizi) xidmət sahələrinin, 1333,6 milyon manatı (16,5 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.