AYİB TANAP-a kredit ayırmaq fikrindədir İqtisadiyyat

AYİB TANAP-a kredit ayırmaq fikrindədir

Layihənin oktyabrın 18-də bankın idarə heyəti tərəfindən təsdiq olunması gözlənilir

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üçün Azərbaycana 500 milyon dollar kredit ayrılması üzrə layihənin yekun icmalını başa çatdırıb. Layihənin yekun icmalının oktyabrın 18-də bankın idarə heyəti tərəfindən təsdiq olunması gözlənilir. Bu vəsait "Cənub Qaz Dəhlizi"nin ən böyük hissəsini təşkil edən TANAP layihəsində istifadə edilməsi üçün "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyətinə (CQD) ayrılacaq. Kredit CQD-nin TANAP üzrə öhdəliklərinin bir hissəsinin maliyyələşdirilməsinə yönəldiləcək. EBRD ilə yanaşı, bir sıra digər beynəlxalq maliyyə institutları da TANAP layihəsini dəstəkləyib. Ümumi dəyəri 8,6 milyard dollar olan TANAP üçün daha əvvəl Dünya Bankının 800 milyon dollar və Asiya İnfrastruktur İnvestisiya Bankı isə 600 milyon dollar maliyyə vəsaiti ayırıb. Avropa İnvestisiya Bankı da TANAP layihəsinin maliyyələşdirilməsini nəzərdən keçirir.
Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" QSC Azərbaycan Prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və "Cənub Qaz Dəhlizi"nin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" 2014-cü il tarixli 25 fevral Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan "Cənub Qaz Dəhlizi"nin seqmentlərini "Şahdəniz Mərhələ 2", "Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi", TANAP və "Trans-Adriatik" (TAP) layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan "Cənub Qaz Dəhlizi" vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.
Qeyd edək ki, TANAP üzrə indiyədək Faza-0, yəni 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi üçün görüləcək işlər çərçivəsində 1364 kilometr, Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün isə 440 uzunluğunda xəndək qazılıb. TANAP-ın tikintisi çərçivəsində ümumilikdə 1804 kilometr uzunluğunda xəndək qazılıb. Faza-0 üzrə 1346 kilometr, Faza-1 çərçivəsində isə 347 boru marşrut xətti boyunca düzülüb. Bundan başqa, Faza-0 çərçivəsində 1342 kilometr, Faza-1 üzrə isə 283 uzunluğunda borunun qaynağı tamamlanıb. Ümumilikdə TANAP-ın əsas xətti üzrə 1694 kilometr boru marşrut boyunca düzülüb, 1626 kilometr boru qaynaqlanıb.
TANAP ilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün işlərin 87,8 faizi görülüb. 2018-ci il iyun ayının sonuna qədər Faza-0 çərçivəsində işlərin tamamlanması, "Botaş" şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan təbii qazın verilməsi planlaşdırılır. Faza-1 üzrə nəzərdə tutulan işlərin isə 59,6 faizi tamamlanıb. Ümumilikdə TANAP layihəsi çərçivəsində bütün işlərin təxminən 80 faizi icra olunub.
Kəmərin tikintisində hazırda 9 min 581 işçi sahələrdə çalışır. Əlavə işlər və podratçılar da daxil olmaqla boru kəmərinin inşasına 10 min 357 nəfər cəlb olunub. TANAP-ın Dardanel boğazından keçəcək 36 düymlük 18 kilometr uzunluğundakı dəniz hissəsi üçün qoşa boru kəmərinin tikintisi layihə üzrə qrafikə uyğun davam edir. Asiya və Avropa qitələrində sahilboyu yerləşən tikinti meydançalarının və ofislərin inşası artıq başa çatıb. Həmçinin quruda boru kəməri üzrə marşrut xətti artıq tamamlanıb. Bundan başqa, Asiya və Avropa qitələrində sahilboyu xəndəklər qazılıb, dənizin 8-25 metr dərinliyində kanalın qazılması artıq yekunlaşıb. TANAP-ın quru hissəsinin inşası çərçivəsində 4 ölçmə və 3 kompressor stansiyasının tikintisi qrafikə uyğun davam etdirilir.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. Layihənin ümumi dəyərinin isə 9,2 milyard dollar olacağı hesablanır. Layihənin ümumi büdcəsi üzrə indiyədək 3,2 milyard dollara qənaət edilib. TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.