Xarici ticarət dövriyyəsinin 37%-i Avropa İttifaqının payına düşür İqtisadiyyat

Xarici ticarət dövriyyəsinin 37%-i Avropa İttifaqının payına düşür

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 107 ölkəyə məhsul ixrac olunmuş, 169 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 12 mlrd. 872,2 mln. dollar, o cümlədən ixracın dəyəri 8 mlrd. 502,5 mln. dollar, idxalın dəyəri 4 mlrd. 369,7 mln. dollar təşkil edib, nəticədə 4 mlrd. 132,8 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,2% artıb, real ifadədə isə 14%, o cümlədən ixrac 8,4%, idxal 22,7% azalıb.
Ticarət dövriyyəsinin 37,3%-i Avropa İttifaqı ölkələri, 13,2%-i MDB üzvü dövlətləri, 49,5%-i isə dünyanın digər ölkələrinin payına düşüb. İxracın dəyərinin 22,6%-i İtaliyaya, 12,5%-i Türkiyəyə, 5,5%-i Çinə, 5,3%-i Rusiyaya, 4,6%-i Gürcüstana, hər biri 4,3%-i olmaqla Tayvan (Çinin əyaləti) və Portuqaliyaya, 4%-i İsrailə, hər biri 3,7%-i olmaqla Almaniya və Çexiyaya, 3,6%-i Hindistana, 3,3%-i Kanadaya, qalan 22,6%-i isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.
İdxal olunmuş məhsulların dəyərinin 18%-i Rusiyanın, 15,7%-i Türkiyənin, 10%-i Çinin, 8,7%-i ABŞ-ın, 4,6%-i Almaniyanın, 4,5%-i Ukraynanın, 3,8%-i İtaliyanın, 3,2%-i İranın, 3%-i Birləşmiş Krallığın, 1,7%-i Fransanın, hər biri 1,6%-i olmaqla Belarus və Qazaxıstanın, 23,6%-i isə digər ölkələrin payına düşüb. Bu ilin yanvar-iyul aylarında 855 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 29,7%, real ifadədə isə 27% çoxdur.
Bu ilin yanvar-iyul aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 78,5%, təzə meyvə - 38,5%, kartof - 50,7%, tütün - 66%, bitki yağları - 1,6%, meyvə və tərəvəz şirələri - 94,4%, çay - 52,6%, təbii üzüm şərabları və üzüm suslosu - 62,1%, pambıq lifi - 6,3 dəfə, qara metallardan borular - 2%, bentonit gili - 3,5 dəfə artıb, şəkər ixracı isə 24,4%, meyvə və tərəvəz konservləri - 11,1%, marqarin, qida üçün yararlı digər qarışıqlar - 4,4%, polietilen - 2,9%, emal olunmamış alüminium - 31,5%, qara metallardan yarımfabrikatlar - 35,4%, pambıq ipliyi - 35% azalıb.
2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə 2017-ci ilin yanvar-iyul aylarında xam şəkər və şəkər idxalı 15,7%, təzə meyvə - 9,6%, kərə yağı, digər süd yağları və pastaları - 1,8%, çay - 3,6%, quş əti və onun əlavə məhsulları - 66,7%, mal əti - 2,3 dəfə, minik avtomobilləri - 53,2%, polad prokatı - 7,3%, hesablama maşınları, blok və qurğuları - 71,6%, qara metallardan çubuqlar - 23,8%, rezin şinlər - 40,6%, mineral gübrələr - 3,2 dəfə, məişət kondisionerləri - 25,9%, qara metallardan künclüklər ­ 35,6%, paltaryuyan maşınlar - 93,2%, yük avtomobilləri - 73%, avtobuslar - 2,5 dəfə artıb, buğda idxalı isə 35%, bitki yağları - 24,4%, kartof - 5,3%, təzə tərəvəz - 46,2%, qara metallardan borular - 66,2%, mebel - 6,7%, polietilen - 27%, sement və sement klinkerləri - 93%, məişət soyuducuları - 28,1% azalıb.