Türkiyəli nazir: Zəngəzur koridorunun istifadəyə verilməsi ilə böyük ticarət dəhlizləri tamamlanacaq İqtisadiyyat

Türkiyəli nazir: Zəngəzur koridorunun istifadəyə verilməsi ilə böyük ticarət dəhlizləri tamamlanacaq

“Keçən il 8 milyard dollar qarşılıqlı ticarət dövriyyəsi olub”.

Bunu APA-nın Qəbələyə ezam olunmuş əməkdaşına açıqlamasında Türkiyənin ticarət naziri Ömer Bolat bildirib.

Türkiyəli nazir deyib ki, ümumi ticarət dövriyyəsində Azərbaycanın payı nisbətən çox olub: “Azərbaycan bizim Türk dövlətləri arasında Qazaxıstandan sonra ən çox ticarət dövriyyəmiz olan ikinci ölkədir. Azərbaycan türklərin dünyada ən çox sərmayə qoyduqları ölkədir. 6 mindən çox Türkiyə şirkəti Azərbaycana 17 milyard dollara yaxın sərmayə qoyub. Şirkətlərimiz Azərbaycanda istehsal, emal, ticarət, xidmət sektorlarında aktivdirlər. Tikinti sahəsində də Azərbaycan bizim üçün mühüm bir ölkədir. İndiyə qədər 600-dən çox layihə tamamlanıb”.

Ömer Bolat qeyd edib ki, Azərbaycanın da Türkiyədə önəmli sərmayələri var: “SOCAR neft-kimya sektorunda Türkiyədə ən önəmli iştirakçı mövqeyindədir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu hər iki ölkəni bir-birinə bağlayan önəmli layihələrdir. Zəngəzur dəhlizinin də tamamlanıb istifadəyə verilməsi ilə Türkiyədən başlayaraq Şərqə, Şərqdən başlayaraq Azərbaycan və Türkiyə üzərindən Avropa ölkələrinə uzanacaq böyük ticarət dəhlizləri tamamlanaraq fəaliyyətə başlamış olacaq. Yəni Azərbaycan-Türkiyə əlaqələri siyasi, mədəni, iqtisadi, maliyyə, enerji və digər sahələrdə çox uğurla inkişaf edir. Bizlər, özəl şirkətlər qoyulan hədəflər istiqamətində Azərbaycan və Türkiyənin iqtisadi sahədə birlikdə daha da güclənməsi üçün çalışırıq”.