“Novruz insanları bir araya gətirən güclü sosial bağlara malikdir” Cəmiyyət

“Novruz insanları bir araya gətirən güclü sosial bağlara malikdir”

“Novruz bayramı xalqımızın ən qədim və mənəvi dəyərlərlə zəngin bayramıdır. O, mədəniyyətimizdə, əsrlərlə davam edən milli mənəvi dəyərlərimizdə, adət və ənələrdə əks olunur. Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra bu bayram dövlət səviyyəsində daha möhtəşəm milli mədəniyyətlərin qloballaşması hər bir ölkə üçün əhəmiyyətli bir məsələdir. Bu mənada Novruz bayramının 2009-cu ildə YUNESKO-nun reprezentativ siyahısına daxil edilməsi və 2010-cu ildə BMT Baş Assambleyasının 21 mart tarixini “Beynəlxalq Novruz günü” kimi elan etməsi mühüm hadisələrdəndir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmləri doktoru Minaxanım Əsədova söyləyib.

M.Əsədova bildirib ki, bu bayram yenilənmə, birlik və ümid ideyalarını ifadə edir: “Novruz təbiətin oyanışını, qışın bitib həyatın yenidən canlanmasını simvolizə edir. Təbiətin yenilənməsi ilə həm ev-eşiyin təmizlənməsi, həm də mənəvi cəhətlərdən saflaşma özünü küsülülərin barışması ilə, saflıq və təmizliyə önəm verməklə biruzə verir. Burada insanın təbiətlə həmahəng olması bir daha görünür”.

Onun sözlərinə görə, Novruzun gözəlliyi onun zəngin ənənələrində və rəngarəng atributlarında əks olunur: “Səməni – həyatın və bolluğun rəmzi, Tonqal – mənfiliklərin, neqativin təmizlənməsi, rəngli xonçalar və şirniyyatlar – sevinc və paylaşma, milli oyunlar və musiqi – mədəni irsin yaşadılması bayrama xüsusi istilik və estetik gözəllik qatır. Novruz insanları bir araya gətirən güclü sosial bağlara malikdir: Ailənin ağsaqqalları və ağbirçəkləri ziyarət olunur, ehtiyacı olanlara yaddımlar edilir. Ailə üzvləri və qohumlar bir süfrə ətrafında toplaşır, qonşularla bayramlaşmaq və pay vermək ənənəsi var, küsülülər barışır, insanlar bir-birinə xoş niyyət göstərir, yardımlaşma və paylaşma ruhu güclənir. Bu xüsusiyyətlər Novruzu sadəcə bir bayram deyil, həm də cəmiyyətin həmrəyliyini möhkəmləndirən mühüm dəyərə çevirir. Novruz bayramı təbiətin yenilənməsi ilə yanaşı, insanların da mənəvi olaraq saflaşmasını, birləşməsini və gələcəyə ümidlə baxmasını təmin edən bənzərsiz bir bayramdır”.

Röya İsrafilova