“Azərbaycan aqrar sahədə yeni dövrə daxil olur” İqtisadiyyat

“Azərbaycan aqrar sahədə yeni dövrə daxil olur”

“Azərbaycanın kənd təsərrüfatı sektorunda müşahidə olunan yüksəliş bu il əkin mövsümünün əvvəlkilərdən daha dinamik başlamasında özünü göstərir. Ölkənin müxtəlif bölgələrində aparılan genişmiqyaslı səpin prosesi həm əlverişli hava şəraitinin, həm də dövlət dəstəyinin gücləndirilməsinin məntiqi nəticəsidir”.

Bu sözləri, millət vəkili Aydın Hüseynov xalqcebhesi.az-a açıqlamasında deyib.

Onun fikrincə, artıq təxminən 1 milyon hektara yaxın sahədə taxıl əkini həyata keçirilib və proses sürətlə davam edir. Onun sözlərinə görə, bu rəqəmlər təsadüfi deyil və aparılan islahatların real nəticəsidir:
“Deputat qeyd edib ki, son illərdə kənd təsərrüfatında struktur dəyişiklikləri, texnika və texnologiyaların yenilənməsi, yerli toxum sortlarına marağın artması sektorda ciddi dönüş yaradıb..Bu gün taxıl sahələrinin təxminən 60 faizində yerli sortların əkilməsi məhsuldarlığın yüksəlməsi və idxaldan asılılığın azalması baxımından mühüm addımdır. Bu, Azərbaycanın ərzaq təhlükəsizliyi strategiyasının vacib hissəsidir. İnnovativ suvarma sistemlərinin və müasir torpaq emalı texnikasının tətbiqi məhsuldarlığa birbaşa təsir göstərir. Bu sahələrdə 1 hektara 58 sentnerə qədər məhsul götürülməsi ölkədə yeni texnoloji dövrün başlandığını nümayiş etdirir”.
Aydın Hüseynov aqroparkların rolunu xüsusilə vurğulayıb:
“Hazırda ölkədə fəaliyyət göstərən 51 aqroparkın əksəriyyəti taxılçılıqla məşğuldur və buradakı məhsuldarlıq orta göstəricilərdən xeyli yüksəkdir. Aqroparklar innovasiyanın tətbiqi və keyfiyyətli məhsul istehsalı baxımından strateji əhəmiyyət daşıyır. Rəsmi hesablamalar 2026-cı ildə ölkənin buğda istehsalının 2,1 milyon tonun üzərinə qalxacağını göstərir.
FAO-nun hesabatı müəyyən idxal ehtiyacının hələlik mövcud olduğunu göstərsə də, bu gün müşahidə edilən artım templəri gələcəkdə asılılığın əhəmiyyətli dərəcədə azalacağını deməyə əsas verir”.
Millət vəkili əlavə edib ki, bütün bu proseslər Azərbaycanın ərzaq təhlükəsizliyinə hesablanan uzunmüddətli strategiyasının tərkib hissəsidir: “Əkin sahələrinin genişləndirilməsi, suvarma infrastrukturunun yenilənməsi, toxumçuluğun gücləndirilməsi və fermerlərin maarifləndirilməsi gələcək üçün möhkəm baza formalaşdırır. Yeni əkin mövsümü bir daha göstərir: Azərbaycan kənd təsərrüfatında dayanıqlı inkişaf xəttini seçib və bu xətt həm rəqəmlərdə, həm sahələrdə, həm də məhsuldarlıqda öz real nəticələrini ortaya qoyur”.

Günel Elxan