“Yüngül sənaye sahələri yaradılmalıdir” İqtisadiyyat

“Yüngül sənaye sahələri yaradılmalıdir”

Musa Qasımlı: "Gələn ilin dövlət büdcəsində təbii fəlakətlərlə bağlı ayrılan vəsaitlərə yenidən baxılmalıdır"

"2018-ci il üçün dövlət büdcə layihəsi müvafiq qanunauyğun olaraq hazırlanıb. Büdcə layihəsi vətəndaşların yaxşı yaşaması və sosial yönümlüdür. Növbəti ildə qeyri-neft sektorunun gəlirlərinin bu illə müqayisədə 20 faiz artması nəzərdə tutulub. Bu, ölkə iqtisadiyyatımızın inkişafının göstəricisidir". Bunu deputat Musa Qasımlı parlamentin iclasında büdcə müzakirələri zamanı deyib. Deputat çıxışı zamanı bir sıra təkliflər də irəli sürüb: "Bildiyiniz kimi prezidentin müəyyənləşdirdiyi strategiya əsasında həyata keçirilən işlər nəticəsində ölkəmizdə qida sənayesi sahəsində müəyyən işlər görülüb. Lakin yüngül sənaye sahələrinin yaradılması ilə bağlı işlər görülməlidir. Bu sahənin yaradılması yeni iş yerlərinin açılması, sosial problemlərinin aradan qaldırılmasına və digər məsələlərə gətirib çıxara bilər".
Musa Qasımlı gələn ilin dövlət büdcəsində təbii fəlakətlərlə bağlı ayrılan vəsaitlərə yenidən baxılmasını təklif edib: "Bildiyiniz kimi bu gün dünyada təbii fəlakətlər, zəlzələlər, daşqınlar baş alıb gedir. Bu ölkəmizdən də yan keçmir. Bu baxımdan düşünürəm ki, fövqəladə hallarla bağlı vəsaitələrə bir daha baxılsın".
Deputat çıxışında 2018-ci ilin büdcəsində ölkəmizdə dəmiryolu sistemində müasirləşmənin aparılması ilə bağlı vəsaitlərin artırılması təklifini də irəli sürüb: "Bildiyiniz kimi Bakı-Tbilisi-Qars dəmiryolunun açılması bir sıra məsələlərin həllinə səbəb olub. Bu baxımdan düşünürəm ki, dəmiryolu sisteminin müasirləşməsi, müvafiq strukturun yaradılması ilə bağlı vəsaitin artırılmasına ehtiyac var".
Musa Qasımlı şəhid ailələrinin problemlərinə də toxunub: "Şəhid ailələrinə və müharibə əlillərinə ölkəmiz tərəfindən diqqət göstərilir. Lakin onlara ehtiyaclarını ödəməsi üçün ayrılan məbəğ kifayət etmir. Bu baxımdan yeni büdcədə bu məsələyə diqqət edilməlidir. Bundan əlavə, növbəti ilin büdcəsində məşğulluğun təmin edilməsi ilə bağlı vəsaitələrə bir daha baxmağa dəyər".
Millət vəkili həmçinin əlavə edib ki, Yardımlı rayonunun artıq plana salınmış şəhərə bitişik və yaxın olan Dəlləkli, Ostayır, Gavran, Osnağaran, Anzov, Hamarkənd, Abasabad və digər kəndlərin, Masallı rayonunun Güllütəpə ərazi nümayəndəliyinə daxi olan bütün kəndlərin gələn ildə qazlaşdırılmasının həllini tapmasını xahiş edirəm: "Cəlilabad-Masallı avtomobil yolunun tikintisinə dair çox hörmətli cənab prezidentimizin sərəncamının yerinə yetirilməsi iki rayonun tarixində görünməmiş bir hadisə olmaqla kəndlərin inkişafına səbəb olacaq, sakinlərin həyat şəraitini yaxşılaşdıracaq və rahatlıq yaradacaq. Bununla yanaşı, hökumətimizdən Yardımlı rayonunun minlərlə insan yaşadığı Bozayran, Bürzünbül, Binə, Vərgədüz kəndləri arasında yolların asvaltlaşdırılmasını diqqətdə saxlamasını xahiş edirəm".