Əhalinin ərzaq təhlükəsizliyi: reallıqlar, perspektivlər İqtisadiyyat

Əhalinin ərzaq təhlükəsizliyi: reallıqlar, perspektivlər

Ekologiya ilə əlaqədar olaraq bu sahədə mövcud olan problemlər, onları doğuran səbəblər və aradan qaldırılma yollarının araşdırılması xüsusi aktuallıq kəsb edir.
Beynəlxalq və ölkə səviyyəsində aparılan işlər belə də problemin tam həllini təmin etmədiyindən müasir dünyamız ekologiya, qida və sağlamlıq sənayesində yaranmış problemlərin dərhal həllinə ehtiyac duyur.
Təbii, ərzaq və sosial ekologiyanın müasir vəziyyətinə fövqaladə dərəcədə narahatlıq gətirən aşağıdakı amillər mövcuddur : iqlimin qlobal dəyişikliyi və qida ehtiyyatlarının itikisi; xəstəliklərin və ona yoluxan insanların sayının sürətli artımı; insan üçün olduqca təhlükəli və əvvəllər məlum olmayan xəstləliklərin meydana gəlməsi; biolojiləşdirmə, ekologiyalaşdırma, naturallaşdırma və təbii ehtiyyatlardan səmərəli istifadə olunması prinsiplərinin pozulması; qida məhsullarının keyfiyyətinin pisləşməsi; ərzaq ehtiyyatlarının qiymətinin kəskin artması, qida çatışmazlılığı və s.
Məlumdur ki, keçən əsrdə insanların sağlamlığına mənfi təsir göstərən amillərin sayı xeyli artıb. Onların arasında süni bioloji fəal maddələr və preparatlardan sağlamlılığın bərpası üçün istifadə olunması və xəstələr üçün bəzi diaqnostik metodların tətbiqi potensial təhlükə mənbəyi olub.

Keyfiyyətsiz qidalar insanların sağlamlığını kəskin pisləşdirir

Professor Vüqar Mikayılov bildirib ki, keyfiyyətsiz qida və bir sıra dərmanların tətbiqinin ziyanlı təsiri insanların sağlamlığını kəskin pisləşdirir. Ərzaq, kənd təsərrüfatı, ekoloji və sosial – iqtisadi aləmdə yaranan böhran vəziyyəti, mütərəqqi və ekoloji təhlükəsiz texnologiyalar və vasitələrdə bioloji prinsiplərin elmi əsaslandırılmış bazasında yeni müdaxilələrin tətbiqini labüd edir.
Məsələnin ciddiliyini başa düşən ABŞ alimləri 1989 – cü ildə qida məhsulları və texnologiyanın Milli Təhlükəsizlik Mərkəzi yaradılmasının təşəbbüsçiləri oldular. Belə hesab olunurdu ki, insanların əmək məhsuldarlığının genetik potensialının azalması, ölüm hallarının artmasının başlıca səbəbi qida məhsullarının kifayət qədər yüksək olmayan ekoloji keyfiyyəti ilə bağlıdır: "Ölkəmizdə ərzaq məhsulları, xüsusilə də taxıl, kartof, tərəvəz, meyvə və s. istehsalında son illər kifayət qədər əsaslı irəliləyişlər olmasına baxmayaraq, əhalinin bu resurslarla təminatı hələ də qənaətbəxş sayıla bilməz. Belə vəziyyətin başlıca səbəbi məhsulun istehlakçıya çatanadək bütün məhsullarda, xüsusilə saxlanılma zamanı (35-40%) böyük itkilərə məruz qalmasıdır.
Saxlanmalarla təminat, onlarln daxilində hər məhsul növünə uyğun mikroiqlim tənzimlənməsi, nizamlanan qaz müddətindən istifadə olunması və onun süni soyudulan kamerlarda həyata keçirilməsinə dair biliklər yox dərəcəsindədir.
Bu gün tərəvəz, meyvə və kartofun səmərəli saxlanılması - əhalinin həmin məhsullarla təminatının yaxşılaşdırılmasında vacib ehtiyac olub, bu yolla 15-20% əlavə məhsul əldə etmək olar.
Bunu nəzərə alan ölkə rəhbərliyi bölgələrdə ən mütərəqqi üsulları həyata keçirməyə imkan verən saxlantıların tikintisinə dəstək verməkdədir. Tikiləcək saxlantıların hissələrinin 2/3 hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi bu sayda əsaslı dönüş yaradıb".
Ekspert vurğulayıb ki, bunun nəticəsidir ki, bölgələrdə ondan çox belə saxlantı tikilir. Belə soyuducu – saxlamalarında nizamlanan qaz məntəqəsinin yaradılması və hər məhsula uyğun mikroiqlimin formalaşdırılması ilə məhsulun saxlanılması ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilib: "Lakin, təssüflə qeyd olunmalıdır ki, bu sahədə çatışmazlıq hiss olunmaqdır.
Müasir insanın qida rasionunda qida maddələrinin və bioloji fəal komponentlərin çatışmamazlığı orqanizmin xarici və daxili mühitinin əlverişsiz amillərinə davamlılığını zəiflətmiş olur.
Yeyinti qida məhsullarının çatışmazlığının formalaşmasında "əsaslı rol" rafinasiya olunmuş məhsulların istehlakı, həmçinin də qida bioloji dəyəri azaldan resept və texnologiylarla hazırlanan məhsullar oynayır. Mövcud qanunvericilik qida məhsulları və ərzaq xammalı istehsalının istənilən metod və proseslərdən istifadəni mümkün sayır. Yalnız birbaşa insan sağlamlığına ziyan verən üsul və vasitələr istisnalıq təşkil edir. Məhsulun keyfiyyəti və tibbi bioloji dəyəri istehsalçının vicdanına. Onun məhsulun keyfiyyəti haqqında məlumatı deklarasiya xarakteri daşımır və obyektiv, standartlaşdırma xarakteri ilə üst-üstə düşmür.
Belə ki, sağlamlıq və səmərəli qidalanma sayəsində kifayət qədər miqdarda gigiyenik metodik tövsiyyələr olmasına baxmayaraq, bizim istehsalçılar buna əməl etmək iqtidarında deyildir. Məsələn: qidada heyvan zülal mənbəyi olan kolbasa məmulatları tərkibindən və hazırlanma texnologiyasından asılı olaraq həmin maddəyə olan təlabatı 5-70% arasında dəyişə bilir. Anoloji vəziyyət bir çox qida məhsulları üçün də xarakterikdir".

Ərzaq məhsulları alarkən nəyə diqqət etməliyik?

Son vaxtlar qida məhsullarından zəhhərlənmə halları ilə tez-tez rastlaşırıq. Əksər hallarda ya qidaların keyfiyətsiz olduğu, yaxud da onların satış nöqtələrində, evlərdə düzgün qaydada saxlanılmadığı və bunun nəticəsində keyfiyyətinin itirildiyindən zəhərlənməyə gətirib çıxarılıdğı deyirlər.
Mütəxəssis Elmar Nurəliyev bildirib ki, yeyinti məhsulları haqqında qanun, bu qanunla əlaqədər qəbul edilmiş normativ hüquqi aktlar və digər qanunlarla yeyinti məhsullarının təhlükəsizliyi, yeyinti məhsullarin keyfiyyəti, istehsalı, qablaşdırılması, saxlanılması, daşınması, satışı prosesində istifadə edilən təbii və süni materiallarının normativ standartları müəyyən edilməklə əhalinin ərzaq təhlükəsizilyinin hüquqi əsasları müəyyən edilib.
"Yeyinti məhsulları insanın həyat və sağlamlığı üçün təhlükəli olmamalı, ekoloji, texniki, fitosanitar norma və standatlara uyğun olmalı və istehlak dəyərliliyi insanın fizioloji və bioloji, qidalılıq təlabatını təmin etməlidir. Yeyinti məhsullarının istehsalı, qablaşdırılması, alışı və satışı yeyinti məhsulları sahəsində fəaliyyət hesab edilir. Bu fəaliyyətin əsası isə yeyinti məhsulların keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsidir. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmini yeyinti məhsullarının sertifikatlaşdırılması, yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatı və yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti vasisəsi ilə həyata keçirilir. Yeyinti məhsullarını alarkən diqqət edilməli olan əsas amillərdən biri onun satış yeridir".
"Alış-veriş üçün getdiyiniz mağazada sanitar- gigiyenik şəraitə, içəridəki havaya, malların düzülüşünə, soyuducuların işlək vəziyyətdə olub-olmamasına nəzər yetirmək lazımdır. Bir çoxlarımızın rastlaşmışıq mağazada yay vaxtı soyuducunu işlətmirlər ki, güc düşür gərginlik çatdırmır, yaxud mağazanın içində anti-sanitariya mövcuddur, içəridən kəskin qoxu iyi gəlir (ola bilər xarab olmuş məhsulun qoxusudur) və ya kimyəvi tərkibli məhsullarla (sabun, yuyucu tozu, təmizləyici vasitələr və.s ) gündəlik qida məhsulunu eyni rəfə qoyulması halları olur. Daha sonra aldığımız qida məhsulunun xarici görünüşünə nəzər salmaq lazımdır. Yəni məhsul əzik, qapağı açıq, üzərində çat və ya ləkələr olmasın və ən əsası etiketi cırıq, yaxud oxunmayaacaq formada olmasın.

Qida Təhlükəsizliyi Dövlət Agentliyi yaradılıb

Yanvarın 1-dən ölkədə daha bir agentlik - Qida Təhlükəsizliyi Dövlət Agentliyi fəaliyyətə başlayıb. Agentlik "tarladan süfrəyədək" prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin edəcək.
Xatırladaq ki, indiyə qədər istehlak bazarına daxil olan mal və məhsulların keyfiyyətinə nəzarət bir yox, 6-7 dövlət qurumu tərəfindən həyata keçirilirdi. Hansı ki, bura Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidməti, Baytarlıq Nəzarəti Xidməti, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidməti və Dövlət Gömrük Komitəsi (idxal zamanı) daxil idi. Lakin yeni yaradılan agentliyin əsasnaməsinə nəzər yetirsək, onların bu istiqamətdə səlahiyyətlərinin qüvvədən düşdüyü aydın olur.
Belə ki, agentliyin fəaliyyətinə qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləmə - sanitariya norma və qaydaları, habelə gigiyena normativləri hazırlamaq və təsdiqini həyata keçirmək daxil edilib. O cümlədən qurum ölkədə istehsal edilən, idxal olunan qida məhsullarını, habelə onları qablaşdırma materiallarını qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alaraq reyestrini aparacaq.
Qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirəcək. Xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatı verəcək, gömrük orqanları ilə birlikdə ölkəyə idxal olunan qida məhsullarını qida təhlükəsizliyi baxımından yoxlamadan keçirəcək. Bir sözlə, agentliyin fəaliyyət istiqamətlərindən belə aydın olur ki, qida sahəsində fəaliyyət göstərən biznes subyektləri əvvəlki kimi yeddi deyil, bir qapını döyəcəklər.
Vahid idarəetmənin tətbiqi istehlakçı maraqlarının qorunmasına, ixrac və idxal proseslərində sənədləşmənin asanlaşmasına, idxal olunan qida məhsullarının təhlükəsizliyinə, sahibkarlıq subyektlərində yoxlamaların azaldılmasına gətirib çıxaracaq.

Əhali zəhərlənməyəcək

Bu arada, agentliyin vəzifələrinə təhlükəli və kütləvi zəhərlənməyə (xəstəliklərə) səbəb olan, ölkədə istehsal edilən və ya ölkəyə idxal edilmiş qida məhsullarını dövriyyədən çıxarmaq, qida təhlükəsizliyi baxımından yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər görmək daxildir.
Bunu nəzərə alaraq agentlik ixrac edilən qida məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların təhlükəsizlik meyarları üzrə ekspertizaların keçirilməsini təşkil edəcək. Belə ekspertizaların nəticələrinə uyğun olaraq, müəssisələrə təsdiqedici kod nömrələri, ixracatçılara qida təhlükəsizliyi sertifikatları veriləcək.
Həmin məhsulların istehsal və emal müəssisələrinin reyestri aparılacaq, qida məhsullarının ixracı ilə bağlı idxalçı ölkələrin, o cümlədən Avropa İttifaqının bu sahədə tələblərinin icrası həyata keçiriləcək.

Kiçik və orta sahibkarlar üçün normal şərait

Milli Məclisin üzvü, deputat Vahid Əhmədovun sözlərinə görə, ərzaq təhlükəsizliyinə nəzarət mexanizmi yox idi:
"İstər bazarlarda, istər marketlərdə, eləcə də, ət dükanlarında qidanın keyfiyyətinə nəzarət bu agentlik tərəfindən həyata keçiriləcək".
Azərbaycanda da sahibkarlıq subyektlərində yoxlamaları qadağan edən qanunun müddəti artırılarkən qida təhlükəsizliyi məqsədli yoxlamaların istisna edildiyini xatırladan deputat qeyd edir ki, qida təhlükəsizliyi məsələsi ilə bağlı yoxlamaların bərpa olunmasının təşəbbüskarı ölkə prezidentidir:
"Yoxlamaların dayandırıldığı müddətdə ərzaq məhsullarının keyfiyyəti ilə bağlı şikayətlər həddindən artıq çoxaldı. Bizə də şikayətlər gəlirdi. Buna görə də cənab prezident yoxlamaların müddətini artıran qanunda bir dəyişiklik əlavə etdi: dərman preparatları və ərzaq məhsullarının keyfiyyətinə görə yoxlamalar aparılacaq".

Habil Hüseynov

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir