“Bu, müharibənin coğrafiyasının genişlənməsi riskini artırır” Gündəm

“Bu, müharibənin coğrafiyasının genişlənməsi riskini artırır”

“İranın ABŞ və ya İsrail tərəfindən mümkün yeni hərbi hücuma cavab olaraq regionun səkkiz ölkəsində yerləşən strateji obyektləri hədəfə ala biləcəyi barədə yayılan məlumatlar Yaxın Şərqdə müharibənin coğrafiyasının genişlənməsi riskini artırır”.

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Alim Nəsirov söyləyib.

O əlavə edib ki, xüsusilə Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt, Bəhreyn, Oman və İordaniyanın potensial hədəflər sırasında göstərilməsi Tehranın mümkün qarşıdurmanı yalnız ABŞ və İsraillə məhdudlaşdırmaq niyyətində olmadığına dair siyasi mesaj kimi qiymətləndirilə bilər: “Burada diqqətçəkən məqam hərbi bazalarla yanaşı, mülki və iqtisadi infrastrukturun da mümkün hədəflər sırasında göstərilməsidir. Hava və dəniz limanları, elektrik stansiyaları, sualtı rabitə kabelləri kimi obyektlərə zərbələr təkcə ayrı-ayrı dövlətlərin təhlükəsizliyinə deyil, beynəlxalq ticarətə, enerji təchizatına və qlobal kommunikasiya sistemlərinə də ciddi təsir göstərə bilər. Bununla belə, yayılan siyahının rəsmi İran hərbi planını əks etdirdiyi müstəqil şəkildə təsdiqlənmədiyindən, onu hələlik mümkün eskalasiya ssenarisi və təzyiq mesajı kimi qiymətləndirmək daha doğru olar”.

A.Nəsirovun sözlərinə görə, digər tərəfdən, İranın belə geniş coğrafiyada hücumlar həyata keçirməsi Tehranın öz təhlükəsizliyi baxımından da son dərəcə riskli addım olardı: “Çünki Fars körfəzi ölkələrinin əksəriyyəti indiyədək birbaşa hərbi qarşıdurmadan yayınmağa və regional sabitliyi qorumağa çalışıb. Həmin dövlətlərin ərazisindəki mülki obyektlərin hədəfə alınması onların İrana qarşı daha sərt siyasi və hərbi mövqe tutmasına, ABŞ ilə təhlükəsizlik əməkdaşlığını genişləndirməsinə səbəb ola bilər. Xüsusilə enerji infrastrukturu və Hörmüz boğazı ətrafında təhlükəsizliyin pozulması dünya neft bazarında ciddi qiymət dalğalanmaları yarada bilər. İranın bu cür təhdidlərlə əsas məqsədi mümkün hücumun regional və iqtisadi nəticələrinin ağır olacağını nümayiş etdirərək Vaşinqton və Təl-Əvivə çəkindirici mesaj vermək də ola bilər. Lakin belə bir strategiyanın ən təhlükəli tərəfi ondan ibarətdir ki, hətta məhdud miqyaslı hərbi insident belə qarşılıqlı zərbələr zəncirini işə sala və lokal qarşıdurmanı daha geniş regional müharibəyə çevirə bilər”.

Röya İsrafilova