Ermənistan bütün imkanlarını itirə bilər
4 Noyabr 23:29

Azərbaycan və Qırğızıstan bir-birinə dost ölkədir və iki ölkə arasında münasibətlərlər yüksələn xətlə inkişaf edir. Bir neçə gün öncə Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanovun təşkilatçılığı ilə Qırğızıstanın Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə M.Mamıtkanov Qırğızıstanla Azərbaycan arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyindən və son illərdə ikitərəfli əməkdaşlığın strateji müstəviyə keçdiyindən bəhs edərək bu münasibətlərin davamlı siyasi dialoq, iqtisadi əlaqələrin fəallaşması və müxtəlif sahələrdə əməkdaşlığın ardıcıl genişlənməsi ilə xarakterizə olunduğunu vurğulayıb.
Strateji əməkdaşlıq səviyyəsi
Milli Məclisin deputatı Tural Gəncəliyev “Xalq Cəbhəsi”nə qeyd edib ki, Azərbaycan və Qırğızıstan Türk Dövlətləri Təşkilatının iki çox önəmli ölkələri kimi ikitərəfli formatda da bir-biriləri ilə çox yaxından əməkdaşlıq edirlər: “Azərbaycan Prezidentinin 30-31 iyul tarixlərində Qırğızıstana dövlət səfəri münasibətlərimizin yüksək səviyyəsinin bir daha təsdiqidir. Qırğızıstan-Azərbaycan strateji əməkdaşlığı günü-gündən yüksəlir. Bunu təsdiq edən müvafiq dövlətlərarası mexanizmlər, Dövlətlərarası Şura, Hökumətlərarası Komissiya mövcuddur və Qırğızıstan-Azərbaycan Qafqazlarla Mərkəzi Asiyanı və Böyük Avrasiya ilə Böyük Xəzər dənizini birləşdirən türk dünyasının ayrılmaz parçalarıdır”.
Azərbaycan üzərindən Qırğızıstana çıxış
T.Gəncəliyev söyləyib ki, Qırğızıstan həm də çox önəmli bir açar ölkə kimi necə ki, Azərbaycan açar ölkədir və Orta Dəhliz üzərində yerləşir, Qırğızıstan da Çindən başlayaraq Çin, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi üzərindən Azərbaycana çıxış əldə edir ki, Orta Dəhlizin çox önəmli bir marşrutu məhz Qırğızıstanın təklif etdiyi Qırğızıstan üzərindən keçən bir marşrutdur: “Çünki həm Böyük Mərkəzi Asiyanın, Böyük Avrasiyanın nadir bahalı resurslarına, nadir metallara çıxış əldə etmək istəyən Qərb üçün, Avropa üçün hökmən Azərbaycan üzərindən Qırğızıstana çıxış mümkündür. Şimal və Cənubda davam edən münaqişələr baxımından həm də Çin üzərindən, Çindən gələn və Avropaya istiqamətlənən bütün transport kommunikasiya xətləri aşağı-yuxarı gəlib Azərbaycan üzərindən keçir. Ona görə də ölkəmizin hər iki tərəf marşrut perspektivindən baxsaq, yəni həm Qərbdən, həm Çindən, Uzaq Şərqdən baxsaq, yalnız Azərbaycan üzərindən və Qırğızıstan komponenti də çox önəmli bir komponent kimi ikitərəfli münasibətlərə üstünlük verir”.
“Bu, Azərbaycan üçün çox önəmli coğrafiyadır”
“Qırğızıstan Türk Dövlətləri Təşkilatı içərisində nisbətən kiçik əraziyə və əhaliyə malik olmasına baxmayaraq, dediyim kimi, çox strateji bir nöqtədə yerləşir və Qırğızıstanla əməkdaşlıq Böyük Avrasiya regionunun ürəyində nəbzinin vurduğu bir məkana çıxış deməkdir. Bu, Azərbaycan üçün də çox önəmli bir coğrafiyadır və bizim ildən-ilə artan ticarət dövriyyəmiz, insanlararası kontaktlarımız və ən önəmlisi türk dünyasının parçalanmaz tərkib hissəsi olaraq bizim münasibətlərimiz yüksək səviyyədə inkişaf edir” – deyə deputat vurğulayıb.
“Münasibətlər institusional məzmun qazanıb”
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, sadəcə Qırğızıstanla deyil, ümumilikdə Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında qurulan münasibətləri yalnız ikitərəfli əlaqələr çərçivəsində xarakterizə etmək həm görülən işlərə lazımi dəyərin verilməməsi, həm də bu istiqamətdə mövcud potensialın məhdudlaşdırılması kimi qiymətləndirilə bilər: “Bu baxımdan, Qırğızıstanla Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini yalnız iki ölkə arasındakı münasibətlərin inkişafı kimi xarakterizə etməzdim. Bu proses bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz regionları arasında siyasi, iqtisadi və geosiyasi əlaqələrin dərinləşdirilməsi kontekstində başa düşülməlidir. Şübhəsiz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət və atdığı strateji addımlar bu reallığın formalaşmasına mühüm töhfə verib. Azərbaycan-Qırğızıstan münasibətləri yalnız tarixi köklərə və mədəni yaxınlığa əsaslanmır. Biz artıq bu münasibətlərin konkret siyasi, iqtisadi və institusional məzmun qazandığının şahidiyik. Qırğızıstanın Azərbaycandakı səfirinin səsləndirdiyi fikirlər də formalaşmış institusional çərçivənin artıq praktiki məzmun qazandığından xəbər verir”.
Siyasi və diplomatik koordinasiya
“2022-ci il aprelin 20-də Azərbaycan və Qırğızıstan arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. 2026-cı il iyulun 31-də isə cənab Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri münasibətlərimizin yeni mərhələyə qədəm qoyduğunu göstərməklə yanaşı, siyasi və diplomatik koordinasiyanın daha da dərinləşdiyini nümayiş etdirdi. Hər iki dövlət Türk Dövlətləri Təşkilatının üzvüdür və türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi istiqamətində mühüm addımlar atırlar. Burada, şübhəsiz ki, söhbət yalnız siyasi münasibətlərdən deyil, həm də iqtisadi və nəqliyyat-logistika əməkdaşlığından gedir. Bu baxımdan siyasi yaxınlığın konkret iqtisadi nəticələrə çevrilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Xəzər dənizi üzərindən Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa bazarları ilə birləşdirən mühüm nəqliyyat və logistika imkanlarına malikdir. Bu baxımdan Azərbaycanla qurulan münasibətlər Mərkəzi Asiyaya artan beynəlxalq maraq və regionun strateji əhəmiyyətinin yüksəlməsi kontekstində daha dərin məna və məzmun kəsb edir” – deyə Ş.Həsənova söyləyib.
Türk dünyasında inteqrasiya prosesləri
Onun sözlərinə görə, türk dünyasında inteqrasiya prosesləri bu gün beynəlxalq gündəliyin mühüm istiqamətlərindən birinə çevrilib: “Bu baxımdan Türk Dövlətləri Təşkilatının artıq mühüm siyasi və iqtisadi cazibə mərkəzi kimi çıxış etdiyini görürük. Dövlətlərin suverenliyinə, milli maraqlarına və bərabərhüquqlu tərəfdaşlığına əsaslanan əməkdaşlıq platformasının gücləndirilməsi, prinsip etibarilə, regional rəqabətin yeni müstəviyə keçməsinə, eyni zamanda əməkdaşlıq imkanlarının genişlənməsinə zəmin yaradır. Nəticə etibarilə, Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafı artıq daha geniş regional və geosiyasi məzmun daşıyır. Bu istiqamətdə hər iki tərəfin maraqlı olduğunu, əməkdaşlığın genişləndirilməsi üçün ardıcıl səylər göstərdiyini müşahidə edirik. Düşünürəm ki, qarşıdakı mərhələdə iqtisadi layihələrin icrası, qarşılıqlı investisiyaların artırılması, ticarət əlaqələrinin genişləndirilməsi və uzunmüddətli strateji koordinasiyanın gücləndirilməsi əsas prioritetlərdən biri olaraq qalmalıdır. Çünki formalaşmış siyasi müttəfiqliyin dayanıqlılığı, ilk növbədə, onun konkret iqtisadi və regional nəticələrlə möhkəmləndirilməsindən asılı olacaq”.
Röya İsrafilova