“Müharibənin arealı genişlənir” Gündəm

“Müharibənin arealı genişlənir”

“ABŞ və İran arasında artıq müharibə ehtimalı gündəmə gəlib. İsrail ABŞ-ni İrana qarşı hərbi əməliyyatlara təhrik edir”.

Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə bildirib.

“Xüsusilə İranın Natanz, Fordo və Külüng dağına taktiki nüvə zərbəsinin endirilməsinə çalışırlar. Yəni göründüyü kimi müharibə əvvəlki müharibədən fərqli olaraq bu dəfə genişmiqyaslı ola bilər və İran da təbii ki, ABŞ-nin müttəfiqlərinə və adını çəkilən ölkələrə qarşı zərbələr endirə bilər. Hətta İsraildə nüvə obyektlərini də vura bilər. Göründüyü kimi müharibənin arealı genişlənir və əgər nüvə zərbəsi baş verərsə, İran da İsraildəki nüvə stansiyalarını, atom elektrik stansiyalarını vurarsa, bu, artıq dünyada nüvə müharibəsinə gətirib çıxara bilər” - deyə politoloq əlavə edib.

M.Əsədullazadə söyləyib ki, bu müharibə təkcə regionda deyil, beynəlxalq siyasi nizamı təhdid edə bilər, beynəlxalq təhlükəsizlik sistemini poza bilər: “Çox mürəkkəb müharibədir. Düşünürəm ki, həm Tehranda, həm də Vaşinqtonda soyuq başla məsələləri başa düşəcəklər və müharibədən çəkinəcəklər. Qarşılıqlı olaraq kompromisə gedəcəklər. Ən yaxşı variant İslamabad memorandumuna qayıtmaq və əlaqələri inkişaf etdirməkdir”.

Röya İsrafilova