Ermənistan bütün imkanlarını itirə bilər Gündəm

Ermənistan bütün imkanlarını itirə bilər

Çingiz Şahbazi: “Ermənistan Konstitusiyası ilə bağlı məsələ uzanarsa, proses daha uzun çəkə bilər”

Azər Qasımov: “Paşinyanın 2027-2028-ci illəri müddət göstərməsinin məqsədi vaxt qazanmaqdır”

Ermənistan Baş naziri Nikol Paşinyan sülh sazişinin 2027-2028-ci illərdə imzalana biləcəyini bildirib. O, eyni zamanda TRİPP nəqliyyat layihəsinin həyata keçirilməsinin vacibliyini də vurğulayıb. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə Ermənistan sazişi mümkün qədər tez, hətta 2026-cı ilin sonunadək imzalamağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, imzalanma mərasiminin vaxtı və yeri ilə bağlı məsləhətləşmələrə başlamaq mümkündür.
Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan yeni Konstitusiyanın qəbulunun Azərbaycanla sülhün əldə olunması üçün kifayət edib-etməyəcəyinə, eləcə də sülh sazişinin imzalanmasının bütün mübahisəli məsələlərin birdəfəlik həlli anlamına gəlib-gəlməyəcəyinə aydınlıq gətirmək niyyətindədir.
“Ermənistan yeni Konstitusiyanı qəbul etdikdən sonra Azərbaycanla sülh sazişi imzalanacaqmı? Sazişin imzalanması Ermənistanla Azərbaycan arasında bütün mübahisəli məsələlərin aradan qalxdığı və hərtərəfli sülhün bərqərar olduğu anlamına gələcəkmi? Yaxın vaxtlarda İrəvanın səyləri bu suallara cavab tapmağa yönələcək”, - o bildirib.
KTMT Baş katibi Taalatbek Masadıkov da deyib ki, qurum Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin tezliklə imzalanacağına ümid edir.
“Ermənistan və Azərbaycan arasında davamlı dialoq yığılmış münaqişə potensialını azaltmağa və uzunmüddətli əməkdaşlıq infrastrukturunun inkişafına kömək edir. İki dövlət arasında hərtərəfli sülh sazişinin ən qısa zamanda imzalanacağına ümid edirik”, - o bildirib.
Rusiyalı politoloq Mixail Belyayev deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsinin imzalanmasını uzatmaqla zamanın onun xeyrinə işlədiyini düşünürsə, bunun ağır nəticələri ilə üzləşə bilər.
“Paşinyan sülh müqaviləsinin imzalanmasını uğursuzluğa düçar edərsə, bütün siyasətini və dövlət başçısı kimi qarşısında açılan imkanları da puça çıxarmış olacaq. Halbuki onun Ermənistanın tarixində tamamilə yeni səhifə açmaq, o cümlədən Azərbaycanla nəqliyyat və iqtisadi əlaqələrin bərpası hesabına yeni iqtisadi imkanlar yaratmaq, gələcəkdə Türkiyə ilə sərhədlərin açılmasına nail olmaq və regiondan kənarda həyata keçirilən iri nəqliyyat-iqtisadi layihələrə qoşulmaq üçün böyük şansı var.
Ermənistan hazırda yol ayrıcındadır. Ölkə tam olaraq Rusiyanın yanında deyil, lakin hələ Avropa Birliyinə də tam yaxınlaşmayıb. İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətləri də dövlətlərarası əməkdaşlığın tam şəkildə həyata keçirilməsi üçün zəruri olan səviyyəyə çatmayıb. AB problemli ölkələri, eləcə də münaqişə və ya müharibə vəziyyətində olan dövlətləri üzvlüyə qəbul etmir. Bu baxımdan, sülh müqaviləsi imzalanmadığı müddətdə erməni revanşist qüvvələrinin mövcudluğu səbəbindən Ermənistanla Azərbaycan arasında münaqişənin yenidən alovlanması riski hər zaman qalacaq. Belə olan halda AB potensial münaqişə riski daşıyan bir dövləti niyə öz üzərinə yük götürərək üzvlüyə qəbul etsin? İrəvanın Rusiya ilə münasibətlərdə də uzun müddət ikili oyun aparması mümkün olmayacaq. Rusiya ilə əməkdaşlıq sayəsində əldə edilən bütün iqtisadi güzəştlər də qüvvədən düşəcək. Paşinyan hansısa daxili səbəblərə görə sülh müqaviləsinin imzalanmasını uzun müddət yubadarsa, nəticədə elə vəziyyət yarana bilər ki, Ermənistan nə bu, nə də digər tərəflə əməkdaşlıq edə bilsin. O, bütün imkanlarını itirəcək və bu, ölkə daxilində də onun siyasi karyerasının sonu olacaq. Uğursuzluğa düçar olacağı təqdirdə Paşinyan Ermənistanı bütün imkanlardan məhrum edən, ölkəni uçuruma sürükləyən, təkcə mövcud imkanları deyil, gələcək perspektivləri də puça çıxaran siyasətçi kimi tarixə düşəcək. Ermənistanın hazırkı Baş naziri sülh gündəliyinin həyata keçirilməsində daha qətiyyətli olmalıdır”, - o bildirib.
Politoloq Çingiz Şahbazi qəzetimizə açıqlamasında deyib ki, bu bəyanatlar ilk baxışdan iki ölkə arasında münasibətlərdə müəyyən normallaşma müşahidə olunsa da, Bakı Ermənistan Konstitusiyasında dəyişikliklərin ləngiməsini yekun sülh sazişin imzalanması üçün əsas maneə hesab edərək, Ermənistan hökumətini şərtləri əməl etməyə çağırır. Bakı israrla Ermənistan Konstitusiyasında Qarabağla bağlı ərazi iddialarını ehtiva edən maddələrin çıxarılmasını tələb edir və məsələ öz həllini tapmayınca yekun sülh sazişinin imzalanmasını mümkünsüz hesab edir.
Amma, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası, eləcə də təhlükəsizlik mexanizmləri üzrə işlər davam etdirilir. Həmçinin Azərbaycanın diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri də Naxçıvanla maneəsiz əlaqələrin təmin olunması ilə bağlı TRIPP layihəsidir. Bu da müzakirələr zamanı mühüm rol oynayır. Ermənistan rəhbərliyinin açıqlamalarına diqqət yetirsək görərik ki onların sülh sazişi ilə bağlı vahid vaxt çərçivəsi yoxdur: "Bu baxımdan da hesab edirəm ki, Ermənistan Konstitusiyası ilə bağlı məsələ uzanarsa, proses daha uzun çəkə bilər. Çünki, Ermənistan baş naziri və xarici işlər nazirinin səsləndirdikləri tarixlər təsdiqlənmiş tarixlər deyil, sadəcə siyasi bəyanatlardır. Artıq burada müzakirə predmeti olaraq yalnız sazişin mətninin hazırlanması deyil. Əsas məsələ onun hansı siyasi və hüquqi şərtlərlə imzalanacağıdır. Daha bir vacib sual ondan ibarətdir ki, Azərbaycan sülh sazişini, Ermənistan Konstitusiyasına dəyişiklik edilmədən imzalayacaqmı? Hazırkı dövrdə durum, açıq bəyanatlarda öz əksini tapır və bəyanatlara əsasən Azərbaycanın mövqeyi buna müsbət cavab vermir".
ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov isə deyib ki, Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi imzalanmasının tək şərtinin Ermənistanın konstitusiyasına dəyişiklik etməsi və konstitusiyanın preambula hissəsindəki Azərbaycana torpaq iddiasına istinadın ləğv edilməsi olduğu dəfələrlə deyilib. Bu baş.vermədən Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi imzalanması mümkün olmayacaq: "Azərbaycan oyunu açıq oynayır. Ermənistan rəhbərliyinin bunları bilməmiş kimi 2026-ci ilin sonunu müddət göstərməsi siyasi avantüradan başqa bir şey deyildir. Bunun mümkünsüzlüyünü bilə-bilə məsələni gündəmə gətirmək Ermənistanı sülh göyərçini kimi təqdim etmək cəhdidir. Paşinyanın 2027-2028-ci illəri müddət göstərməsinin məqsədi isə vaxt qazanmaq, Rusiya-Ukrayna müharibəsinin nəticəsini gözləmək, sonra buna uyğun qərar verməkdir. Paşinyan konstitusiya dəyişikliyinə gedəcək. Sadəcə Paşinyan Rusiyanın Ermənistandan Aİ və ya Rusiya yönümlü kurs tutacağını müəyyən etmək üçün referendum tələb edir. Bu da Rusiya-Ukrayna müharibəsinin nəticəsi bəlli olmadan mümkün deyil. Ona görə də Paşinyan vaxt qazanmağa çalışır. Hesab edirəm ki, Paşinyan əlverişli şərait yaranan kimi referendum keçirəcək. Amma erməni toplumunun referendumda həm Azərbaycanın, həm də Rusiyanın tələblərinə nə cavab verəcəyi də qaranlıq məsələdir. Ermənistan Azərbaycanla sülh istəyirsə referendum məsələsini sürətləndirməlidir. Geosiyasi vəziyyətin nə gətirəcəyi heç kimə bəlli deyil. Gün gələ bilər ki, Ermənistanla sülh məsələsi Azərbaycanın gündəliyindən çıxa bilər. Onda Ermənistanın bir dövlət kimi mövcudluğu şübhə altına düşər".

Cavid