Kreditlər üzrə faiz dərəcələri aşağı düşəcək İqtisadiyyat

Kreditlər üzrə faiz dərəcələri aşağı düşəcək

Ötən ay Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 13%-dən 11%-ə, faiz dəhlizinin yuxarı həddinin 16%-dən 14%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 8% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov hesab edir ki, Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması iqtisadiyyatda aktivliyi daha da artıracaq: "Verilən kreditlər üzrə faiz dərəcələri aşağı düşəcək, alıcılıq qabiliyyəti artacaq, müəssisə və təşkilatlarda aldıqları kreditləri vaxtında geri qaytarmaq üçün stimul yaranacaq. Bütün bunlar çox əhəmiyyətli bir göstəricidir ki, artıq iqtisadiyyatda sabitlik dövrünə gəlib çıxırıq".
Elnur Sadıqovun sözlərinə görə, uçot dərəcəsinin aşağı salınması müəssisə və təşkilatların ödəniş qabiliyyətinin artmasına da kömək edəcək: "Vaxtı keçmiş kredit borclarının həddindən çox yığılmasına da müəyyən qədər öz təsirini göstərəcək. Çox gözəl bir addımdır. Təki Mərkəzi Bank bu siyasəti bir müddət də davam etdirsin. Bu, ayrı-ayrı fiziki şəxslərin də banklardan götürdükləri kreditlərə təsir göstərəcək. Çünki hər hansı bir kommersiya bankı Mərkəzi Bankdan aşağı faizlə vəsait götürərsə, bank da fiziki şəxslərə krediti verən zaman faizləri aşağı salacaq. Bu da əhalinin krediti geri qaytarmaq qabiliyyətinə müsbət təsir göstərəcək ki, vaxtında borclarını geri qaytara bilsinlər".
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənovun qənaətinə görə, Mərkəzi Bankın qərarı tam düzgündür: "Çünki iqtisadiyyat pulsuz qalıb. Ancaq bir məsələni nəzərə almaq lazımdır ki, kreditlər üzrə faiz dərəcələri düşsə, əmanətlər üzrə də faiz dərəcələrinin enmə ehtimalı var. Amma uçot dərəcəsinin aşağı salınması son nəticədə iqtisadiyyatda müəyyən canlanmanı təmin edəcək.
Uçot dərəcəsinin yenə də aşağı salınması gözlənilir. Bu il yenə bir neçə dəfə faiz dəhlizinin parametrlərinin dəyişməsi gözlənilir. Hesab edirəm ki, uçot dərəcəsi ən çox 7 faiz olmalıdır. Məncə, faiz dəhlizi arasındakı fərq çevikliyi təmin etmək üçündür".
Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, faiz dəhlizinin parametrləri haqda qərar makroiqtisadi sabitliyin möhkəmlənməsi prosesləri və son makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul edilib. İnflyasiya birrəqəmli səviyyədədir, xarici sektor göstəriciləri pozitiv zonadadır, valyuta bazarında sabitlik davam edir və iqtisadi aktivlik güclənməkdədir. Son qiymətləndirmələr il ərzində makroiqtisadi sabitliyin dayanıqlığının və iqtisadi fəallığın güclənəcəyini göstərir ki, bu da monetar şəraitin tədricən normallaşması üçün əsas yaradır.
Faiz dəhlizinin parametrləri növbəti dəfə bu il iyunun 14-də müzakirə ediləcək.