“İcbari tibbi sığortanın tətbiqi ilə bağlı işlər aktivləşib” İqtisadiyyat

“İcbari tibbi sığortanın tətbiqi ilə bağlı işlər aktivləşib”

Samir Şərifov: "Azərbaycanın sığorta şirkətləri xarici sığorta şirkətləri ilə rəqabətdən çəkinmirlər"

"Azərbaycanın sığorta şirkətləri xarici sığorta şirkətlərinin yerli bazara daxil olmasından çəkinmirlər".
"APA-Economics"in xəbərinə görə, bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.
Ölkədə fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici kapital payının son həddinin müəyyən olunmasını şərh edərkən nazir bildirib ki, Azərbaycanın sığorta bazarı açıqdır və hər hansı xarici şirkət burada iştirak edə bilər: "Biz hesab edirik ki, Azərbaycanın sığorta şirkətləri artıq kifayət qədər təcrübə toplayıblar, kifayət qədər onların peşəkar kadrları və kapital bazası mövcuddur. Ona görə, onlar daxili bazarda xarici şirkət ilə rəqabətdən çəkinmirlər".
Xatırladaq ki, Maliyyə Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərara əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici kapital payının son həddi müəyyən olunub. Qərara əsasən, bu ilin sonuna qədər ölkədə fəaliyyət göstərən bütün sığortaçıların ümumi nizamnamə kapitalında xarici kapitalın payı 50%-ə qədər ola bilər. 2015-ci ildən bu göstərici 70%-ə, 2016-cı ildən 85%-ə, 2017-ci ildən isə 100%-ə çatdırılacaq.
Hazir bildirib ki, İcbari tibbi sığortanın tətbiqi ilə bağlı işlər aktivləşib. Onun sözlərinə görə, baş nazirini müavini Əli Əhmədov icbari tibbi sığortanın tətbiqi ilə bağlı yaradılan işçi qrupuna rəhbərlik edir və bu qrupda müvafiq qurumların nümayəndələri təmsil olunub: "İşlər bundan öncə də aparılırdı, amma indi biz bu işə yeni bucaqdan baxırıq. Ümid edirəm ki, yaxın gələcəkdə bu sahədə nəzərəçarpacaq irəliləyişlərə nail olacağıq".
S.Şərifov qeyd edib ki, işçi qrupu tərəfindən icbari tibbi sığortanın tətbiqi ilə bağlı müəyyən ölkələrin təcrübəsi öyrənilir: "Biz həm mənfi, həm də müsbət təcrübəni öyrənirik. Məsələn, elə ölkələr var ki, onlar icbari tibbi sığortanın tətbiqinə başlayanda çox uğurlu alınmışdı, lakin sonradan çox böyük problemlərlə üzləşiblər. Biz bu məsələdə ləng davransaq da, ümid edirəm ki, optimal bir modeli seçəcəyik".
Samir Şərifov onu da bildirib ki, avtomobil satışlarının azalması sığorta şirkətlərinin gəlirlərinə mənfi təsir göstərib.
Onun sözlərinə görə, bununla bağlı hazırda müvafiq qiymətləndirmələr davam edir: "Avtomobil satışlarının azalması şübhəsiz ki, sığorta şirkətlərinin gəlirlərinə mənfi təsir göstərib. Bu isə öz növbəsində bütövlükdə sığorta bazarına təsirsiz ötüşməyə bilməz. Amma təsirin miqyasını indidən hər hansı bir rəqəmlərlə göstərmək tezdir".