Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı İqtisadiyyat

Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı

Bu il böyük iftixar hissi ilə 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə iqtisadiyyat sahəsində də o dövr üçün böyük əhəmiyyəti olan iqtisadi islahatlar aparılmış, beynəlxalq iqtisadi əlaqələr yaradılmış, gənc dövlətin sosial-iqtisadi siyasətinin əsasları formalaşdırılmışdır. Cəmi 23 ay mövcud olmuş AXC hökumətinin həyata keçirdiyi iqtisadi islahatların əsas mahiyyəti və hədəfləri yeni müstəqil dövlətin sosial-iqtisadi cəhətdən möhkəmləndirilməsi idi. Xüsusən də bu məqsədlə aparılan aqrar islahatları, torpaqların kəndlilərə verilməsini, mülkiyyətin bütün formalarına bərabər şəraitin yaradılmasını, maliyyə-vergi siyasətini, milli valyutanın buraxılmasını, dövlət bankının yaradılmasını, dövlət büdcəsinin formalaşdırılmasınə, dağılmış infrastrukturun yenidən qurulmasını, sənayenin inkişafı istiqamətində mühüm qərarları, xarici ticarət əlaqələrinin qurulması sahəsindəki mühüm addımları qeyd etmək lazımdır.

İqtisadiyyatın dövlət tənzimlənməsi sahəsində mühüm qərarlar
İqtisadiyyat sahəsində dövlət tənzimlənməsini həyata keçirmək üçün Ticarət və Sənaye, Maliyyə, Yollar, Əkinçilik, Poçt və Teleqraf, Sosial Təminat, İçtimai Təminat və Səhiyyə, Ərzaq Nazirlikləri yaradılmışdı. 1919-cu ildən parlament-kredit, vergi, bank və gömrük məsələləri ilə bağlı qanun layihələrinin müzakirəsini təşkil etməyə başladı. Xəzinənin əsas maliyyə qaynaqları qeyri-müstəqim vergilər -inhisar vergiləri, gömrük rüsumları, aksizlərdən daxil olan vəsaitlər idi. Parlamentdə nəzərdə keçirilən qanun layihələrinin üçdə bir hissəsi maliyyə məsələləri ilə bağlı idi. 1919-cu ilin martın 19-da Parlamentdə qəbul edilən qanunda Əmək Nazirliyində Fəhlə məsələsi ilə bağlı Komissiya yaradıldı. Komissiyanın məqsədi əməklə kapital arasında problemlərin həlli idi.
Azərbaycan Parlamentinin 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-nə kimi fəaliyyət göstərdiyi müddətdə 145 iclasda 270 qanun layihəsi müzakirə edilmişdi. 1919-cu il fevralın 4-də parlamentdə aqrar islahat komissiyası yaradıldı və 1920-ci il aprelin 21-dək fəaliyyətini davam etdirən komissiyanın 25 dəfə iclası olmuşdu. Əkinçilik Nazirliyində hazırlanmış və Nazirlər Şurasına təqdim edilmiş aqrar islahat layihəsinin əsas müddəalarına (1919-cu il iyul-avqust) əsasən hüquqi və fiziki şəxslərə saxlanacaq torpaq norması kənd yerlərində 100-150 desyatin, şəhər yerlərində 5-7 desyatin həddində müəyyənləşdirilmişdi. Habelə az torpaqlı və torpaqsız əhalinin torpaqla təmin olunması üçün onlara ayrılacaq torpaqlar bağçılıq və qiymətli əkinçilik mədəniyyətinin inkişaf etdiyi rayonlarda 1,5 desyatin, dənli bitkilərin becərildiyi ərazilərdə 3 desyatin, heyvandarlıqla məşğul olan əhali üçün 8 desyatin həcmində müəyyənləşdirilmişdi. 1918-1920-ci illərdə AXC-nin aqrar siyasətinin əsas məzmununu əkinçiliklə məşğul olan əhali kütləsinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması; torpaq icarəsi münasibətlərinin tənzimlənməsi; dövlət proqramlarının reallaşması üçün komissiyaların yaradılması və s. kimi tədbirlər sistemindən ibarət idi.
AXC-nin iqtisadi platformasına əsasən dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar nəzərdə tutulurdu və bu istiqamətdə köklü islahatlara başlanılmışdı. Xüsusi mülkiyyətin miqyası müəyyənləşdirilir, bu işdə ifrata varmağın zərərli olduğu göstərilirdi. Qeyri-məhdud mülkiyyət hüququ və mənimsəmədə ifratçılıq mülkiyyətin yoxluğu qədər zərərli hesab edilirdi. AXC-nin iqtisadi modelində nəzərdə tutulurdu ki, xüsusi mülkiyyətin mövcudluğu mülkiyyətin tamamilə xırdalanmasına aparıb çıxarmamalıdır. Xüsusən də fabrik və zavodların bu cür xırdalanması qeyri-mümkündür və burada çalışan əməkçinin işdəki mövqeyi xüsusi surətdə hazırlanan əmək haqqında qanunların tətbiqi ilə təmin olunmalıdır. Respublikanın yaratdığı iqtisadi qanunçuluğa görə, dövlət mülkiyyətinə və qismən də bələdiyyə mülkiyyətinə dövlətin sərvət və gəlir qaynağını təşkil edən yeraltı mədənlər, həmçinin dəmiryolu, işıq, su, teleqraf və s. bu kimi ümumi işlərə xidmət edən sahələr daxil edilirdi.

AXC hökumətinin xarici iqtisadi fəaliyyəti
AXC-nin İstiqlal Bəyannaməsində xarici ölkələrlə, xüsusən qonşu dövlətlərlə iqtisadi əlaqələr yaratmaq, bu əlaqələri genişləndirmək zərurəti nəzərdə tutulurdu. Hökumətin iqtisadi platformasında xarici ölkələrlə iqtisadi əməkdaşlığı asanlaşdırmaq, bu sahədə maneələri aradan qaldırmaq, digər tərəfdən isə bu cür əməkdaşlığı dünya təcrübəsi əsasında həyata keçirmək əsas götürülürdü. AXC parlamentinin 22 dekabr 1919-cu il tarixli iclasında hökumət rəhbəri Nəsibbəy Yusifbəyov yeni kabinetin bəyannaməsini elan etdi. Orada Azərbaycanın azad və müstəqil yaşamasının şərti kimi güclü iqtisadiyyatın yaradılması zərurəti göstərilirdi. Hökumətin xarici ticarət siyasətində köklü dəyişiklik etməsi nəzərdə tutulurdu. İndiyədək ticarət siyasətində idxalı artırmaq və imkan daxilində ixracı azaltmaq üstünlük təşkil edirdisə və nəticədə pul qiymətdən düşürdüsə, artıq indi ixracı stimullaşdırmaq istiqamətində tədbirlərin həyata keçirilməsi mümkünlüyü və zərurətindən bəhs olunurdu.
Hökumətin reallaşdırmağa çalışdığı başlıca vəzifələrdən biri əhalinin zəruri mallara olan ehtiyacını təmin etməkdən və xəzinənin gəlirlərini artırmaq üçün əlavə mənbələr axtarıb tapmaqdan ibarət idi. Belə əlavə mənbələrdən biri də gömrük gəlirləri idi. Bu və ya digər məhsulun xaricə satışına icazə verilməsi və ya onun qadağan edilməsi zamanı həmin məhsulun əhali üçün nə dərəcədə gərəkli olması, dövlətə nə qədər gəlir gətirməsi halları diqqətlə nəzərə alınırdı. Hökumətin hazırladığı 1919-cu il 20 fevral tarixli qanun layihəsi ilə xaricə konyak, üzüm və tut spirtinin ixracına icazə verilirdi.
AXC özünün xarici-iqtisadi siyasət sahəsində fəaliyyətini ancaq qanunların işlənib hazırlanması ilə məhdudlaşdırmırdı. Bu qanunların həyata keçirilməsi istiqamətində mühüm addımlar atırdı. Məsələn, xarici dövlətlərlə əmtəə mübadiləsini qaydaya salmaq üçün ağır maliyyə vəziyyəti şəraitində 20 milyon manatlıq fond yaradıldı və hökumətin 12 fevral 1919-cu il tarixli qərarı ilə bu fonddan ilkin ehtiyatlar üçün 10 milyon manat həcmində kredit buraxılması qərara alındı. Eyni zamanda, AXC-nin Ticarət, Sənaye və Ərzaq Nazirliyinin nəzdində xarici dövlətlər və bir-birinə yaxın sahələrlə əmtəə mübadiləsi Komitəsi fəaliyyət göstərirdi. Komitə haqqında təsdiq olunmuş əsasnamədə göstərilirdi ki, onun mühüm vəzifələrindən biri respublikanın iqtisadi və maliyyə vəziyyətinin əsasını təşkil edən xaricə neft ixracını və satışını təşkil etməkdir.

Milli pul vahidi - "Bakı bonları"
AXC hökumətinin ən böyük iqtisadi və maliyyə uğurlarından biri müstəqil dövlətin atributu kimi milli pul vahidinin buraxılmasıdır. Belə ki, 1918-ci il sentyabrın 22-də Bakı bonlarının dövriyyəyə daxil olması haqqında hökumət qərar qəbul etdi. Bakıda yeni kağız pullar - "Bakı bonları" buraxıldı. Hansı ki, həmin vaxtadək rus imperyasının tədavüldəki "Nikolay" pulları və "Kerenski" pul vahidləri işlənirdi. Şübhəsiz ki, hökumətin iqtisadi siyasətinin əsas priaritet məsələsi milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanması idi. Çünki milli valyuta inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı. Bununla yanaşı, yeni qurulmuş hökumət həm əvvəlki dövrdən miras qalan, həm də respublikanın mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparmalıydı. Bu məqsədlə qısa bir zaman ərzində müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradıldı. 1919-cu ilin sentyabrında Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bankı açıldı. Maliyyə Nazirliyinin 1919-cu il 20 iyul tarixli qərarı ilə əmtəələrin sərbəst ixracına nail olunması nəzərdə tutulurdu. Parlament xəzinəyə müəyyən rüsum (ixrac olunan xammalın dəyərinin 25 faizi qədər) keçirmək şərti ilə xammal ixracına icazə verilməsinə dair qanun qəbul etdi. Xaricə gizli yolla gümüş, qızıl, platin aparılmasına görə məsuliyyət məsələsinə baxıldı. Qüvvədə olan 1914 il 15 noyabr tarixli qanunun 1919-cu il 20 oktyabr tarixli qanunla əvəz edilməsi, bu sahədə məsuliyyəti artırdı. Ölkənin sərhədləri daxilində mal mübadiləsini tənzimləmək məqsədilə 1919-cu ilin avqust ayından Azərbaycana xaricdən gətirilən bir sıra zinət şeylərinə müvəqqəti olaraq xüsusi gömrük tarifləri tətbiq olundu. Eyni zamanda daxili bazarı tənzimləmək məqsədilə Azərbaycandan kənara göndərilən əmtəələr üçün yeni müvəqqəti gömrük qaydalarının tətbiq edilməsi haqqında qanun qəbul edildi. Hökumət çevik vergi siyasəti yeridir, dövlət xərclərinin ixtisar edilməsi istiqamətində tədbirlər görürdü. Bu məqsədlə xaricdən ölkəyə gömrüksüz gətirilən malların siyahısı müəyyənləşdirilmiş (bu siyahıya 200-dən çox məhsulun adı daxil edilmişdi), xarici sərmayəçilərə və Azərbaycana sərmayə qoymaq arzusunda olanlara güzəştli şərtlərlə Bakı bonları təklif olunmuşdu.

AXC-nin varisi - müstəqil Azərbaycan bu gün
AXC-nin varisi olan müstəqil Azərbaycan bu gün güclü iqtisadiyyata malikdir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın dövlət büdcəsi 21 milyard manat, Ümumi Daxili Məhsulun həcmi 70 milyard manat, adambaşına ÜDM istehsalı 7200 manat, valyuta ehtiyatları 44,2 milyard dollardır. Ölkəmiz müstəqil şəkildə regional əhəmiyyətli layihələr həyata keçirir, dünya enerji bazarında və nəqliyyat sektorunda özünəməxsus xüsusi yeri var. Azərbaycan Prezidenti İlham Əliyevin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda qeyd etdiyi kimi, "Bu gün müstəqil Azərbaycan hər bir vətəndaş üçün qürur mənbəyidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Əminəm ki, Xalq Cümhuriyyətinin qurucuları da bu günü görsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər. Bizim taleyimiz öz əlimizdədir. Bizim gələcəyimiz etibarlı əllərdədir. Bugünkü Azərbaycan bir daha onu göstərir ki, müstəqilliyimiz ən böyük sərvətimiz, xoşbəxtliyimizdir. Müstəqilliyimiz əbədidir"

Mahir Zeynalov
Məqalə İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı" mövzusunda müsabiqəyə təqdim edilir