Vergilər Məcəlləsində edilən dəyişikliklər və bu sahədə aparılan islahatların ana xəttini vergi yükünü azaltmaq yolu ilə vergitutma bazasını genişləndirmək təşkil edir. Bu islahatlar qeyri-dövlət sektorunda çalışan təxminən 450 min nəfərin əmək gəlirlərinin artırılmasına xidmət edəcək. Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, bu barədə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib. Liqa sədri islahatlar nəticəsində qeyri-rəsmi məşğulluğun səviyyəsinin azalacağını, sahibkarların əmək münasibətlərini rəsmiləşdirməsinə iqtisadi marağın artacağını, nəticə etibarilə isə iqtisadiyyatda ciddi artımların qeydə alınacağını vurğulayıb: "Səmərəli biznes mühiti iş adamlarına fəaliyyət meydanını genişləndirmək və daha çox qazanmaq; dövlətə isə kölgə iqtisadiyyatının qarşısını almaq və vergitutma bazasını genişləndirməklə öz xəzinəsinə daha çox vəsait toplamaq imkanı yaradacaq. Belə düşünürəm ki, bu sahədə azalmalar olmayacaq. Aparılmış təhlillər və hesablamalarla vahid gəlir vergisinin tətbiqi nəticəsində fiziki şəxslərin muzdlu işdən və muzdlu işə aid olmayan fəaliyyətindən əldə olunan gəlirlər üzrə 2019-cu ildə cəmi 3 milyard 376 milyon manat, o cümlədən fiziki şəxslərin sosial təminatı məqsədilə onlardan tutulacaq sabit gəlir vergisi üzrə isə 60 milyon manat vergi daxilolmaları ehtimal olunur". S.Məmmədov, həmçinin islahatların sosial baxımdan mühüm nəticələri olacağına əminliyini ifadə edib.