“Kənddən Şəhərə“ mağazaları paytaxtın digər rayonlarında da açılacaq İqtisadiyyat

“Kənddən Şəhərə“ mağazaları paytaxtın digər rayonlarında da açılacaq

Bu il paytaxtın digər rayonlarında da "Kənddən Şəhərə" mağazalarının açılması nəzərdə tutulub. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkətinin (DATŞ) informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev məlumat verib. Onun sözlərinə görə, yeni mağazaların açılışı iki formada olacaq - Dövlət Aqrar Ticarət Şirkətinin öz təşkilatçılığı və "françayzinq" üsulu ilə: "Françayzinq" üsulunun mahiyyəti ondan ibarətdir ki, Bakı şəhərinin müxtəlif rayonlarında "Kənddən Şəhərə" konsepti vasitəsilə bizneslərini inkişaf etdirmək istəyən obyekt sahibləri DATŞ-a müraciət edəcəklər. Mağazanın standartlarına uyğun gələn, bu standartlarla çalışmaq istəyən obyekt sahibləri ilə əməkdaşlıq qurulacaq. Hazırda "françayzinq" üsulu üzrə standartların ilkin variantı hazırlanır. Yaxın vaxtlarda geniş ictimaiyyətə bu barədə məlumat veriləcək".
Mayis Musayev qeyd edib ki, ötən ilin sonlarında "Kənddən Şəhərə" layihəsi çərçivəsində təşkil edilən yarmarkada ödənişsiz iştirak edən 120-dən artıq fermer öz məhsullarının satışını həyata keçirib. Bundan başqa, "Kənddən Şəhərə" markası altında kənd təsərrüfatı məhsullarının qablaşdırılması da reallaşdırılır. "Bu günə qədər müxtəlif növ bal və "Haşimi" sortu düyü qablaşdırılaraq satışa təqdim olunub. Bu günlərdə isə Cəlilabad noxudunun qablaşdırılması yekunlaşacaq. Ötən ilin dekabrın 25-dən etibarən layihə çərçivəsində "Kənddən Şəhərə" adı altında ilk yerli fermer və qida istehsalçısı mağazası vətəndaşların ixtiyarına verilib. Fəaliyyəti müddətində mağazada 40-dan çox yerli istehsalçı şirkətin məhsulları ilə yanaşı, 45-dən artıq fermerdən alınmış məhsulların satışı həyata keçirilib. Əməkdaşlıq edilən fermerlər arasında Cəlilabad, Göyçay, Ağcabədi fermerləri üstünlük təşkil edib. Mağaza ilə əməkdaşlıq çərçivəsində təsərrüfat sahiblərinə 50 ədəd "Fermer kartı" təqdim olunub. Onların 30 faizdən çoxundan məhsul alınıb, ödənişləri isə kart vasitəsilə həyata keçirilib. Mağazada ən çox satılan məhsullar arasında meyvə və tərəvəzlər üstünlük təşkil edir", - deyə DATŞ-ın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri bildirib.
Qeyd edək ki, Dövlət Aqrar Ticarət Şirkətinin təşkil etdiyi "Kənddən Şəhərə" yarmarkası ilk dəfə ötən il dekabrın 21-də paytaxtın Səbail rayonunun Nizami küçəsi 154 ünvanında fəaliyyətə başlayıb.