Hüquqi şəxslərin dövlət qeydiyyatında artım müşahidə olunur İqtisadiyyat

Hüquqi şəxslərin dövlət qeydiyyatında artım müşahidə olunur

Noyabrın 1-nə ölkə üzrə uçotda olan 1 milyon 51 min 624 vergiödəyicisinin 13,2 faizi hüquqi şəxs və digər təşkilatların payına düşür. Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, hüquqi qurum şəklində uçotda olan vergiödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artıb və bunun 99,3 faizi kommersiya qurumlarının sayının çoxalması hesabına baş verib.

Cari ilin oktyabrında 1832 kommersiya qurumu qeydiyyata alınıb və bu da ötən ilin eyni ayına nisbətən 65,5 faiz çoxdur. Kommersiya qurumlarının 71,3 faizi elektron qeydiyyata alınıb. Hazırda qeydiyyatda olan kommersiya qurumlarının 84,8 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,5 faizi isə səhmdar cəmiyyəti formasında təşkil olunub. Hesabat dövründə 67 min 380 kommersiya qurumunun və ya ümumi kommersiya qurumlarının 54,7 faizinin vəziyyəti aktiv olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artım deməkdir.

Ötən ilin 10 ayı ilə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 35,5 faiz artaraq 32 min 820 təşkil edib və aktiv ƏDV ödəyicilərinin sayı 19 min 744-ə çatıb. Aktiv ƏDV ödəyicilərinin sayı müqayisə edilən dövrdə 36,5 faiz artıb və onların xüsusi çəkisi 2,6 faiz çox olub.

Hüquqi şəxslərin dövlət qeydiyyatının mütərəqqi üsullarla aparılması məqsədilə son illər ərzində həyata keçirilən islahatlar nəticəsində bu gün ölkədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatının böyük əksəriyyəti elektron üsulla aparılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş son dəyişikliklər ölkəmizdə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində yeni əlverişli mühitin formalaşmasına müsbət təsir göstərib və cari ilin 10 ayı ərzində hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində sürətli artım dinamikası müşahidə olunub.

Həmin dövrdə qeydiyyata alınmış hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,3 faiz artıb, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 81,9 faizdən 88,7 faizədək yüksəlib. Cari ilin son 5 ayında isə e-qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub. Bu ilin əvvəlindən tətbiq edilən yeni qeydiyyat üsulu (finkod+mobil nömrə) e-qeydiyyatın xüsusi çəkisini daha da artırıb.