ARDNF bu il dövlət büdcəsinə 5,7 mlrd. manata yaxın vəsait transfert edib İqtisadiyyat

ARDNF bu il dövlət büdcəsinə 5,7 mlrd. manata yaxın vəsait transfert edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin mədaxili 12 022,7 mln. manat və ya proqnoza qarşı 338,2 mln. manat, 2,9% çox icra olub.

Maliyyə Nazirliyindən verilən məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 005,4 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 326,6 mln. manat və ya 8,9% çoxdur. Həmin vəsaitin 72,4%-i və yaxud 2 899,5 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 367,7 mln. manat və ya 14,5% çoxdur.

Hesabat dövründə Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən dövlət büdcəsinə 2 019,3 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 98,1 mln. manat və ya 5,1% çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar üzrə ödənişli xidmətlər və sair daxilolmalardan müvafiq olaraq 266,4 və 56,6 mln. manat vəsait büdcəyə daxil olub.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə proqnozla nəzərdə tutulmuş həcmdə, yəni 5 675,0 mln. manat vəsait transfert edilib.

Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 4 211,7 mln. manat icra olunub.

Bu ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,9% və yaxud 11 730,8 mln. manat icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 779,8 mln. manat və ya 7,1% çoxdur.

İqtisadi təsnifata uyğun olaraq, cari ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 42,5%-i və ya 4 984,4 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,1% və ya 1 030,7 mln. manat çoxdur.

Hesabat dövründə dövlət büdcəsi xərclərinin 8 298,2 mln. manatı və ya 70,7%-i cari xərclərə, 2 551,9 mln. manatı və ya 21,8%-i əsaslı xərclərə, 880,7 mln. manatı və ya 7,5%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

İlin ilk yarısında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 6 476,2 mln. manat icra olunub.

2020-ci ilin altı ayında dövlət büdcəsində 291,9 mln. manat profisit yaranıb. Dövlət büdcəsinin profisitinin proqnoza qarşı artması əsasən dövlət büdcəsinə fiskal orqanları (Dövlət Vergi Xidməti və DGK) tərəfindən gəlir proqnozların artıqlaması (424,7 mln. manat) ilə təmin edilməsi hesabına olub.