Gələn il pensiyalar artırılacaq İqtisadiyyat

Gələn il pensiyalar artırılacaq

DSMF sədri: "Büdcədə gələn ilin sosial müdafiə xərcləri artırılıb"

Hökumət gələn il üçün ehtiyac meyarının həddini cəmi 5 manat artırıb

Dünən Milli Məclisin Sosial siyasət komitəsində 2015-ci ilin dövlət büdcə layihəsi müzakirə olunub. Modern.az xəbər verir ki, büdcə layihəsinin müzakirəsi zamanı Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev çıxış edib. O qeyd edib ki, 2015-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun həm xərcləri, həm də gəlirləri 3 milyard 56 milyon təşkil edəcək: "Bu 2014-cü illə müqayisədə 4, 4 faiz çoxdur". DSMF sədri bildirib ki, gələn il üçün dövlət büdcəsindən fonda transfer 1 milyard 100 milyon manat nəzərdə tutulub ki, bu da 2014-cü illə müqayisədə 42 milyon manat azdır.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev pensiyaçıların rastlaşdığı problemlərdən də danışıb. Fondun sədri deyib ki, pensiyaçıların rastlaşdığı əsas problemlərdən biri onların bankomatlardan istifadəsi ilə bağlıdır: "Monitorinqlər onu göstərir ki, ay ərzində bir bankomatdan cəmi 2-3 dəfə istifadə edilir".
O, bankomatlar qarşısında yaranan növbələrin aradan qaldırılması üçün çıxış yolunu da göstərib: "Bu il 300 bankomat alınsa da, yaranan növbələrin qarşısını almaq mümkün olmayıb. Buna görə də ölkədə POS terminalların quraşdırılması aktuallaşır. Bundan başqa, maarifləndirmə də aparılmalıdır. Bu gün 4 milyon şəxs plastik kartlardan istifadə edir".
Elman Mehdiyev müavinətlərin müəyyən olunması ilə bağlı yaranan problemlərdən də söz açıb: "Sığortalanmanın ünvanlılığı ilə problemlər olduğundan müavinətlərin təyin olunması ilə bağlı çətinliklər yaranır. Ona görə sığorta prinsipi əsasında modelə keçməyi düşünürük".
Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə DSMF sədrinin POS terminallarla bağlı irəli sürdüyü təklifə etiraz edib: "POS terminallar özünü doğrultmayacaq. Pensiyaçıların əksəriyyəti daha ucuz mağazalarda nağd pulla mal almağa üstünlük verirlər. Onların əksəriyyəti bahalı marketlərdən alver etmirlər. Ona görə alternativ variantlar üzərində düşünmək lazımdır".
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə 2015-ci ilin dövlət büdcə zərfinin müzakirəsi zamanı uşaqların sağlamlığının qorunmasının vacib olduğunu bildirib. Onun fikrincə, bu məqsədlə büdcədə 318 min manatın nəzərdə tutulması olduqca azdır: "Büdcə layihəsində sanatoriya və kurortlar üçün 2,2 faiz vəsait ayrılıb, bu da azdır. Həm uşaqların sağlamlığı, həm də adını çəkdiyim sahələr üzrə ayrılacaq vəsaitlər gələcəkdə artırılmalıdır".
Hadı Rəcəbli bildirib ki, Dövlət Sosial Müdafiə Fondu 2015-ci ildə daha gərgin işləməli olacaq: "Büdcədən Dövlət Sosial Müdafiə Fonduna edilən transferin məbləği 42 milyon manat azalıb. Buna görə də Dövlət Sosial Müdafiə Fondu yığım vəsaitlərini artırlmalıdır ki, pensiyalar da artsın".
Hadı Rəcəbli deyib ki, ehtiyac meyarı ilə bağlı mütləq dayaq nöqtəsi yoxdur. O, 2008-ci ildə yaşayış minimumunun 70 manat olduğunu xatırladıb. Deputatın sözlərinə görə, yaşayış minimumu 2015-ci il üçün 131 manat nəzərdə tutulub: "Manatın son dövrdəki inflyasiyasını araşdırandan sonra aydın oldu ki, hazırkı 131 manat əhalinin alıcılıq qabiliyyətinə görə əvvəlki illərə nisbətən yüksək rəqəmdir. İstəyimiz odur ki, bu məbləğ yüksəlsin və müvafiq olaraq əhalinin sosial rifah halı da yaxşılaşsın".
H.Rəcəbli vurğulayıb ki, bu artıma uyğun olaraq əmək haqqı fondunda yüksəliş qeydə alınacaq: "Yaşayış minimumu İqtisadiyyat və Sənaye Nazirliyinin hesablamaları, bazarın monitorinqi və Statistika Komitəsinin rəqəmləri əsasında hesablanır".
Qeyd edək ki, gələn ilin dövlət büdcəsinin zərfində Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləği müəyyənləşdirilib. 2014-cü illə müqayisədə 2015-ci ildə yaşayış minimumu və ehtiyac meyarının məbləği artacaq.
"2015-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği belə nəzərdə tutulub:
2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat olacaq.
Gələn il üçün ehtiyac meyarının həddi haqqında qanun layihəsində isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 105 manat məbləğində nəzərdə tutulub. 2014-cü il üçün ehtiyac meyarının həddi isə 100 manat məbləğində təsdiq edilib.
Deputat Elmira Axundova isə körpələrə ayrılan qulluq pulunun artırılmasını təklif edib. E.Axundova qeyd edib ki, yaş yarıma qədər körpəyə qulluq üçün ayda 30 manat, bundan sonrakı müddətdə 3 yaşına qədər uşağa qulluq etmək üçün anaya ayda 15 manat verilir: "Bu rəqəmlər çox azdır və azı 60 və 30 manata çatdırılmalıdır".
E.Axundova vurğulayıb ki, bu məbləğ qonşu dövlətlər, xüsusilə də Rusiya və Qazaxıstana nisbətən azdır: "Digər tərəfdən, Prezidentin sərəncamına əsasən, Azərbaycanda uşaqlar üçün yaşayış minimumu 103 manatdır. Belə olan təqdirdə, uşaqlara qulluq üçün nəzərdə tutulan məbləğ niyə 15-30 manat həddində olmalıdır?"
Millət vəkili doğuş üçün anaya verilən birdəfəlik müavinətin məbləğinin 90 AZN-dən 100 manata qaldırılmasını da təklif edib: "Bu, 100 manata qaldırılsa, artıq kifayət qədər ciddi və sanballı rəqəm olar".