Deputatlar banklardan və soyğunçu faizlərdən şikayətləndilər İqtisadiyyat

Deputatlar banklardan və soyğunçu faizlərdən şikayətləndilər

Fəzail Ağamalı: "Mərkəzi Banka əlavə səlahiyyətlər verilməlidir ki, banklara təsir edə bilsin və bununla insanlarımızı kommersiya banklarının nəhəng mədəsindən qurtarmış olsun"

Vahid Əhmədov: "Dəfələrlə müzakirə olunsa da, niyə kredit faizləri məsələsi öz həllini tapmır?"

Siyavuş Novruzov: "Bu ipoteka krediti elə nəzərdə tutulub ki, kim ki, imkanlıdır ipoteka alsın, bir az da kəm-kəsirin düzəltsin"

Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi dünən davam etdirilib. Müzakirələr zamanı çıxışında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı öncə texniki-peşə məktəblərinin bərpası məsələsini qaldırıb. O deyib ki, texniki-peşə məktəbləri müasir tələblər səviyyəsində bərpa edilib yenidən qurulmalıdır.
Fəzail Ağamalı kommersiya banklarının verdiyi kreditlərdən də söz açıb. Bildirib ki, bu kreditlərin faiz dərəcəsi çox yüksəkdir: "Faizlərin aşağı salınmasına ciddi ehtiyac var. Əgər kommersiya bankları Mərkəzi Bankın tələblərinə riayət etmirsə, Mərkəzi Banka qanunvericiliklə müəyyən olunmuş əlavə səlahiyyətlər verilməlidir ki, həmin banklara təsir edə bilsin və bununla insanlarımızı kommersiya banklarının nəhəng mədəsindən qurtarmış olsun".
Deputat eyni zamanda aqrar sektorun inkişaf etdirilməsi üçün daha ciddi addımların atılmasını vacib sayıb: "Emal müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilməlidir. Digər vacib məsələ daxili bazarın qorunmasıdır. Daxili bazar Azərbaycanın meyvə-tərəvəzə olan ehtiyacını tam ödəməyə hazırdır. Ancaq xaricdən gələn məhsullara qoyulan aşağı dərəcəli rüsumlar yerli məhsulların bazarda sıxışdırılmasına gətirib çıxarır".
Qubadan deputat seçilən Yevda Avramov deyib ki, təmsil etdiyi rayonda beynəlxalq hava limanının tikintisi ilə bağlı əhalidən torpaqlar alındı, əraziyə texnika yerləşdirildi, lakin naməlum səbəblərdən bütün texnika oradan çıxarıldı".
O qeyd edib ki, əhali bu vəziyyətdən çaş-baş qalıb: "Bilmirlər torpağı əkib-becərsinlər, yoxsa ağacları kəssinlər. Hava limanının tikintisi ilə bağlı onlardan torpaqlar alındı. Müəyyən işlər getdi, amma sonradan ərazi boşaldıldı. Söz-söhbətlərə görə, hava limanının tikintisinə Rusiya mane olub. Çünki hava limanı Rusiya ilə sərhədə yerləşəcəkdi. Bu da beynəlxalq konvensiyalara uyğun deyil. Hökümətin bu məsələyə aydınlıq gətirməsini istəyirəm".
Deputat Qubada kənd yollarının bərbad vəziyyətdə olduğunu da deyib: "Camaatı Quba-Bakı yolu deyil, kəndlərdəki yollarının vəziyyəti maraqlandırır. Əsaslı vəsait qoyuluşlarında kənd yollarına ayrılan pul artırılmalıdır".
Şamaxı-Quba yolunun çəkilişindən söz açan deputatın fikrincə, bu yol həm də hərbi-strateji məqsədlidir.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev çıxışında deyib ki, dünyada 2 milyard insan yoxsul şəraitdə yaşayır. 2010-cu ildə Azərbaycanda bu kateqoriyadan olan 2 milyon insan var idi. Onun iddiasına görə, bu gün ölkədə yoxsul insan yoxdur.
Millət vəkilinin sözlərinə görə, sosial evlərin tikilməsi məsələsi son vaxtlar ciddi müzakirə olunur: "Dövlət tərəfindən həyata keçirilən tədbirlər var. İndiyə qədər köçkünlər üçün 82 qəsəbə və 45 min mənzil tikilib. Lakin bu proqramlarla büdcəni yükləmək lazım deyil. Dövlət sahibkarlara şərait yaratmalıdır ki, sahibkar da sosial evləri tikərək insanlara ipoteka yolu ilə sata bilsin".
Deputat digər bir təkliflə çıxış edərək, tütün məhsullarına aksiz və əlavə dəyər vergisinin artırılmasını tələb edib: "Azərbaycanda siqaretin qiyməti digər ölkələrlə müqayisədə ucuzdur. Fikrimcə, bu qiymət artırılmalıdır. Düzdür, siqaret haqqında qanun müzakirədədir, ancaq hələlik qəbul olunmayıb. Amma bu məsələlər nəzərə alınmalıdır".
Millət vəkili Elmira Axundova isə vurğuladı ki, dünya iqtisadi böhrandan sonra bir çox xoşagəlməz hadisələrlə, Ukrayna və Yaxın Şərq hadisələri ilə yenidən sarsılıb: "Bu da dünya iqtisadiyyatına öz mənfi təsirini göstərməkdədir. Əlbəttə ki, neftin qiymətinin aşağı düşməsi də dünya iqtisadiyyatına mənfi təsir etdi, məsələn, bütün Avropanı qazla, neftlə təmin edən Rusiya kimi nəhəng bir dövlətin iqtisadiyyatı ən ağır dövrlərindən birini yaşayır, rus rublu dəyərini bir neçə ay ərzində 2 dəfəyə qədər itirib. Bir çox dünya dövlətlərində büdcə xərcləri azaldılır, məsələn, həmin Rusiyada pensiyalar dondurulur. Bizdə isə pensiya islahatları davam etməkdədir. Bütün bunların fonunda manatımızın məzənnəsinin stabil olması böyük nailiyyətdir. Buna görə mən ilk növbədə Mərkəzi Bankın rəhbəri və onun komandası tərəfindən düzgün icra olunan monitar siyasəti yüksək qiymətləndirirəm".
O həmçinin deyib ki, həkimləri kəndlərdə işləməyə həvəsləndirmək üçün onlara xüsusi imtiyazlar verilməlidir. Millət vəkili qeyd edib ki, bəzi kəndlərdə feldşer-mama məntəqələrində həkimlər çatışmır: "Təklif edirəm ki, Tibb Universitetini bitirən kadrları təyinatla bu məntəqələrə göndərək. Çünki, bəzi kəndlərdə ya feldşer-mama məntəqələri yoxdur, ya da ümumiyyətlə burda vəziyyət pisdir. Buna xüsusi diqqət yetirməyi təklif edirəm. Təklif edirəm ki, həkimləri kəndlərdə işləməyə həvəsləndirmək üçün onlara yüksək maaş verilsin, xüsusi imtiyazlar nəzərdə tutulsun".
E. Axundova texniki-peşə məktəblərinin vəziyyətinin yaxşılaşdırılması istiqamətində də tədbirlər görməyi vacib sayır.
Deputat İlyas İsmayılov da 2015-ci ilin büdcə layihəsini tarazlı və reallığı əks etdirən sənəd adlandırıb. İ.İsmayılov deyib ki, "Ukraynaətrafı hadisələr" ilin sonuna yaxın artıq dünya iqtisadi sisteminə, o cümlədən, ölkəmiz üçün önəmli olan dünya neft bazarlarına bilavasitə təsir etməyə başlayıb və bu təsirin azalacağı yox, artacağını güman etmək daha düzgün olardı: "Nüfuzlu beynəlxalq təşkilatların sənədlərində, məsələn, Beynəlxalq Valyuta Fondunun iqtisadiyyatın yaxın perspektivləri (2014-2016-cı illər) ilə bağlı verdiyi proqnozlarda, Beynəlxalq Energetika Agentliyinin neft bazarında tələbin azalacağı ilə bağlı proqnozlarında, İrana qarşı sanksiyaların azaldılması, ABŞ-ın neft-qaz idxalından imtina edərək neft ixrac edən ölkəyə çevrilməsi, neftin qiymətinin azaldılması ilə bağlı ABŞ və Səudiyyə Ərəbistanı arasında sövdələşmənin əldə edilməsinə dair məlumatlarda neftin qiymətinin ən yaxşı halda 80 dollar səviyyəsində qalacağı ilə bağlı rəylər üstünlük təşkil edir. Zənnimcə, bu amili nəzərə alaraq, 2015-ci ilin büdcəsində biz bir barrel neftin orta illik qiymətini 90 yox, 80 dollar götürsək, gələn ilin ortalarında və sonlarında büdcənin cari gəlirləri ətrafında yeni müzakirələrin açılmasına, onların korrektə edilməsinə ehtiyac qalmaz".
Deputat bildirib ki, dövlət büdcəsindən dotasiya ayrılan şəhər və rayonların sayı əvvəlki kimi qalı: "Buna bölgələrin təbii iqtisadi durumunun nəticəsi kimi yanaşsaq, yanılmarıq – istənilən ölkədə donor və dotasiyalı ərazi vahidləri mövcuddur. Lakin Azərbaycanın bir sıra dotasiyalı rayonları var ki, onların büdcəyə verdiyi pulla büdcədən aldığı vəsait arasındakı fərq o qədər də böyük deyil. 10-a yaxın rayonumuz, o cümlədən, Şəmkir, Tovuz, Samux, Oğuz, Qax rayonları üçün bu fərq 25-30 faizi aşmır, yəni, sadə dillə desək, onlar "özünü dolandırmaq" səviyyəsinə yaxındır. Mənə elə gəlir ki, dotasiyalı bölgə siyahısından çıxmağa namizəd olan rayonlara xüsusi diqqət yetirilməli, regionların iqtisadi inkişafı proqramı çərçivəsində burada əsas vergi mənbəyi olan emal sənayesi daha sürətlə inkişaf etdirilməlidir".
İ.İsmayılov bildirib ki, qeyri-neft sektorunun inkişaf templəri nə hökuməti, nə ictimaiyyəti qane edir. 2015-ci ilin büdcəsində qeyri-neft sektorundan daxilolmalar ötən ilin proqnozu ilə müqayisədə 500 milyon manat və ya 8,1 faiz daha çoxdur.
Millət vəkili Vahid Əhmədov diqqəti banklarla bağlı narazılıqlara yönəldərək, hökumətə sual ünvanlayıb: "Dəfələrlə müzakirə olunsa da, niyə kredit faizləri məsələsi öz həllini tapmır?"
Onun sözlərinə görə, Milli Məclisdə bu məsələ dəfələrlə müzakirə olunub və kredit faizlərinin aşağı salınması üçün müəyyən addımlar atılıb. V. Əhmədov hesab edir ki, bu tədbirlər öz bəhrəsini verməyib: "Qorunan əmanətlər üzrə faiz dərəcələrin 12%-dən 10%-ə salındı. Müəyyən addımlar atıldı. Amma kredit faizləri aşağı düşmədi. Əvəzində bankların gəlirləri 3,5%-dən 5,2%-ə qədər artdı. Hesab edirəm ki, bu çox ciddi məsələdir. Çünki, əhalinin kredit borcu artıq 1 mlrd. manata yaxınlaşır. İnsanların mənzilləri, texnikaları borca görə əlindən alınır. Bunun qarşısı mütləq alınmalıdır".
YAP-çı deputat Siyavuş Novruzov bildirib ki, Azərbaycanda ipoteka kreditləri üzrə faiz dərəcələri aşağı salınmalıdır.
Onun sözlərinə görə, indi aztəminatlı ailə, kasıb təbəqə ipoteka kreditindən yararlana bilmir: "Bu gün burda hörmətli nazirlərimiz iştirak edir. Nazirliyin idarə rəisi və yerli idarə rəisinin əmək haqqı, dövlət qulluqçusunun məvacibi imkan vermir ki, o ipoteka ilə ev alsın. Müəllim, həkim, gənc mütəxəssis necə almalıdır? İpoteka kreditlərinin faiz dərəcələri aşağı salınmalıdır. Bu ipoteka krediti elə nəzərdə tutulub ki, kim ki, imkanlıdır ipoteka alsın, bir az da kəm-kəsirin düzəltsin. İpoteka kreditlərinin imkanı olmayan şəxs üçün əhəmiyyəti yoxdur və bu göz qabağındadır. İldən-ilə biz vəsaiti artırırıq. Amma nəticəni müzakirə etməliyik".