Saatlıda sahibkarlara güzəştli kreditlər verilib İqtisadiyyat

Saatlıda sahibkarlara güzəştli kreditlər verilib

Tərlan

Iqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Dekabrın 18-də sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum Saatlı rayonunun Qıraqlı kəndində keçirmişdir. İşgüzar forumun keçirilməsində məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilməsi, Saatlı rayonunda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsidir.
80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Saatlı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, çorək, plastik qapı-pəncərə istehsalı müəssisələrinin, fermer mağazalarının, intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
skmf-saatli-18-12-2014-2Tədbirdə vurğulanmışdır ki, dünyada, xüsusilə regionda davam edən neqativ iqtisadi meyillərə baxmayaraq, Azərbaycanda dövlət proqramları, layihələr, sahibkarlığa dövlət dəstəyi tədbirləri və s. əvvəlki illərdə olduğu kimi, bu il də tam həcmdə icra olunur.
Bildirmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 5472 sahibkara 284,4 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 12000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, 2014-cü ildə sahibkarlığın inkişafına əvvəlki illərə nisbətən daha çox - 295 milyon manat güzəştli kreditin verilməsi təmin olunacaqdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat vermişdir ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 9332 investisiya layihəsinin maliyyələşdirilməsinə 407 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, üzümçülük, intensiv bağçılıq, tingçilik, toxumçuluq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, ət, süd emalı, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 32500-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır. İşgüzar forum çərçivəsində Saatlı və ətraf rayonlardan olan 58 sahibkara 627,5 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər heyvandarlıq, tərəvəzçilik, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 90-a yaxın yeni iş yerinin açılması mümkün olacaq.