Azərbaycan üçün yeni bir era başlayıb İqtisadiyyat

Azərbaycan üçün yeni bir era başlayıb

Regionda mühüm nəqliyyat mərkəzi olan Azərbaycan transsərhəd və tranzit prosedurları və logistikanı daim təkmilləşdirir, logistika sistemini və ticarət proseslərini rəqəmsallaşdırır.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının “CAREC-in 20 ili: rəqəmsal transformasiya yolu ilə regional əməkdaşlığın yenidən nəzərdən keçirilməsi” adlı yüksək səviyyəli onlayn iclas zamanı deyib. İclas Asiya İnkişaf Bankının (AİB) illik ümumi yığıncağı çərçivəsində baş tutub.
“Bəlkə də region və xüsusən də Azərbaycan üçün yeni bir eranın başladığını bilirsiniz. Təxminən 30 illik erməni işğalından azad edilmiş ərazilərin bərpası və inkişafı, o cümlədən zəruri infrastrukturun yaradılması, biznesin inkişafı üçün stimulların yaradılması, yeni nəqliyyat və iqtisadi dəhlizlərin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması bir çox illər ərzində iqtisadi fəaliyyətimizin prioritetləri siyahısında olacaq. Bu tədbirlər, şübhəsiz ki, regional əməkdaşlığın gücləndirilməsinə kömək edəcək”, - o deyib.
Regionun yenidən qurulması həm dövlət investisiyaları hesabına, həm də özəl maliyyə vəsaitlərinin cəlb edilməsi ilə həyata keçiriləcək. M.Cabbarov bir qədər əvvəl qeyd edib ki, sərmayədarlar üçün cəlbedici şərtlər yaradılacaq, lakin Azərbaycan tərəfinin xarici investisiyalara açıq olması onun bu investisiyalar olmadan vəzifəsini yerinə yetirə bilməyəcəyi anlamına gəlmir.
Azərbaycan hökuməti 2021-ci ildə bölgənin bərpası üçün təxminən 1,5 milyard dollar dəyərində dövlət sərmayəsi yatırmaq niyyətindədir.
Onun sözlərinə görə, bölgədə kənd təsərrüfatı ilə yanaşı, turizm və dağ-mədən sənayesi inkişaf edəcək – müharibədə qazanılmış qələbə nəticəsində Azərbaycan Kəlbəcər rayonundakı “Söyüdlü” (Zod) qızıl yatağının 2/3 hissəsini özünə qaytarıb.
Naxçıvan nəqliyyat dəhlizinin yenidən qurulması və Azərbaycandan Ermənistan və Naxçıvan ərazisi ilə Türkiyəyə gedən dəmir yolunun bərpası bölgənin iqtisadiyyatına təsir edəcək. M.Cabbarov qeyd edib ki, Naxçıvanla əlaqənin bərpası Ermənistan da daxil olmaqla, bölgənin bütün ölkələri üçün faydalıdır.
İqtisadçıların fikrincə, Bakı 10 il ərzində Qarabağın bərpasına təxminən 60 milyard dollar xərcləyəcək.
Xatırladaq ki, Zəngəzur dəhlizinin açılması nominal ÜDM-i 1,1 trilyon dollardan çox olan türkdilli ölkələrin iqtisadiyyatına təsir göstərəcək və eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əhəmiyyətini artırmağa şərait yaradacaq. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə bu nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Bu, xüsusilə, Naxçıvan iş adamlarının Şərq-Qərb nəqliyyat dəhlizinə çıxışının təmin edilməsi baxımından vacibdir. Dəhliz eyni zamanda Azərbaycanın eksklavı – Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri gücləndirəcək və ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası isə türk dünyası Zəngəzur dəhlizi vasitəsilə yenidən birləşəcək.

“Azərbaycan iqtisadiyyatın rəqəmsal transformasiyasına hazırlaşır”

Mikayıl Cabbarov qeyd edib ki, COVID-19 pandemiyasına baxmayaraq, Asiya İnkişaf Bankı (AİB), CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı) üzvü olan ölkələr və onun inkişaf tərəfdaşları CAREC regionunda regional əməkdaşlığı daha da gücləndirmək üçün effektiv addımlar atırlar:
“2021-ci ildə CAREC-in sədri olaraq Azərbaycanın regional əməkdaşlığı və inteqrasiyanı daha da gücləndirmək öhdəliyinə sadiqliyini aydın şəkildə ifadə etmək istəyirəm.
CAREC proqramı iyirmi ildir regionun inkişafına fəal şəkildə töhfə verir və şübhəsiz ki, pandemiyadan sonra onun bərpası üçün həlledici olaraq qalacaq. Proqram yeni prioritet sahələrdə fəaliyyətlər də daxil olmaqla, müxtəlif klasterlərdə yüksək keyfiyyətli layihələrə investisiya qoymaqla və tədqiqat, bilik, qabaqcıl təcrübə mübadiləsi kimi sahələrdə regional əməkdaşlığın katalizatoru rolunu artırmaqla regional qarşılıqlı əlaqələrin daha da gücləndirilməsini dəstəkləyir.
Bu gün CAREC-in 20 illiyinə həsr olunmuş çox vacib mövzunu – “Rəqəmsal transformasiya yolu ilə regional əməkdaşlığın yenidən nəzərdən keçirilməsi” mövzusunu müzakirə edirik. Ölkəmiz rəqəmsallaşmanın artan roluna və zəruriliyinə, bununla əlaqədar iqtisadiyyatın transformasiyasına böyük diqqət ayırır. Bu, şübhəsiz ki, CAREC regionunda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün vasitə olacaq”.
Onun sözlərinə görə, Azərbaycan hökuməti ölkə iqtisadiyyatının rəqəmsal transformasiyasına yönəlmiş bir sıra proqramlar qəbul edib və hazırda onlar üzərində iş gedir.
2021-ci ilin fevralında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Strategiyası təsdiq edildi ki, o, beş əsas istiqaməti əhatə edir:
1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
5. təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
M.Cabbarovun vurğuladığı kimi, qeyd edilən Milli Prioritetlər Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
“Bundan əlavə, Prezidentin son fərmanları ilə hökumət qarşısında “Ağıllı şəhər” və “Ağıllı kənd” Konsepsiyasının, eləcə də Rəqəmsal Transformasiya Konsepsiyasının hazırlanması vəzifəsi qoyuldu. Qeyd etmək lazımdır ki, 2021-ci ilin yanvarında İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi yaradılıb. Onun əsas vəzifəsi qlobal iqtisadiyyatda cərəyan edən trendləri diktə edən, rəqabət qaydalarını dəyişən Dördüncü Sənaye İnqilabında ölkənin mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasını təmin etmək, ölkəmizdə Dördüncü Sənaye İnqilabı və rəqəmsal iqtisadiyyat texnologiyalarının tətbiqi ilə bağlı səylərin koordinasiyasıdır.
Azərbaycan hökuməti ilə Dünya İqtisadi Forumu (WEF) arasında martın 30-da imzalanan təsis sənədlərinə əsasən, sözügedən mərkəzdə Dünya İqtisadi Forumunun Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinin Azərbaycan filialı (C4IR Azerbaijan) da fəaliyyət göstərir. “C4IR Azerbaijan” artıq aprelin 1-dən işə başlayıb və Tərəfdaş Mərkəzinin əsasən süni intellekt, əşyaların interneti, rəqəmsal iqtisadiyyat və ticarətlə əlaqəli məsələlərə və layihələrə diqqət ayıracağı planlaşdırılır.
Bu arada, Dünya İqtisadi Forumu və CAREC İnstitutunun “Rəqəmsal CAREC” adlı ortaq təşəbbüsünü eşitdiyimiz üçün sevindik. Ümid edirik ki, bu təşəbbüs CAREC üzvü olan ölkələr arasında rəqəmsal ticarətin və investisiyaların təşviqi və regionda Dördüncü Sənaye İnqilabı texnologiyalarının bütün potensialının açılması üçün dəstək görəcək və inkişaf edəcək”, - M.Cabbarov bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti hazırda pandemiya ilə mübarizə istiqamətində intensiv iş aparır. “2021-ci ilin yanvarında “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul edilib, 18 yanvar 2021-ci il tarixindən isə əhaliyə COVID-19-a qarşı vaksin vurulması prosesi başladılıb və uğurla həyata keçirilir”, - nazir deyib.
2 may 2021-ci il tarixinə olan duruma görə, Azərbaycanda 1 milyon 516 min 923 nəfər aşılanıb ki, bu da ölkə əhalisinin 15,2%-ni təşkil edir. 541 min 715 nəfər, başqa sözlə əhalinin 5,4%-i isə tam vaksinasiya olunub.
“Pandemiya və mürəkkəb qlobal iqtisadi proseslər fonunda rəqəmsallaşma, şübhəsiz ki, postpandemiya mühitində praktik əhəmiyyətə sahib olacaq, effektiv transformasiya isə bütün CAREC regionunda çiçəklənməyə töhfə verərək proqramın hədəflərinə çatmasını dəstəkləyəcək və sürətləndirəcək”, - Mikayıl Cabbarov fikrini tamamlayıb.