Azərbaycanda rəqəmsal mühitdə müəllif hüquqlarını qoruyacaq sistem yaradılır İqtisadiyyat

Azərbaycanda rəqəmsal mühitdə müəllif hüquqlarını qoruyacaq sistem yaradılır

Azərbaycanda rəqəmsal şəbəkələrdə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən onlayn qaydada istifadəsinə əsaslanan DRM (Digital Rights Management) sisteminin tətbiqi tam olaraq gələn ilin əvvəlindən nəzərdə tutulur.

Bunu "APA-Economics"ə Azərbaycan Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev deyib.

Onun sözlərinə görə, bununla bağlı müvafiq proqram təminatının yaradılması üzrə aparılan işlərin tamamlanması qrafikə uyğun ötən ilin sentyabr ayına nəzərdə tutulsa da, pandemiya səbəbindən anlaşılan çətinliklər yarandı ki, bu səbəbdən işlər bu ilin sonunadək uzadıla bilər.

"Bildiyimiz kimi, Avropa İttifaqının maliyyələşdirdiyi "Twinning" layihəsi mövcuddur ki, bu da özündə Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin həm institusional potensialının artırılmasını, həm də rəqəmli şəbəkələrdə hüquqların təmin edilməsi ilə bağlı Milli Rəqəmsal Aqreqatorun yaradılmasını nəzərdə tutur. Burada böyük ehtimalla meta-data yanaşması olacaq ki, bu da nəinki fərdi əsərlərin qeydiyyatını, hətta xalçaların, muzey eksponatların, filmlərin və bütün mədəni tarixi irsin bu aqreqatorda toplanmasını nəzərdə tutur", - deyə N. Quliyev qeyd edib.

Mərkəzin direktoru əlavə edib ki, bu günə artıq 4 minə yaxın folklor nümunəsi, musiqi əsərləri ilə bağlı məlumatlar sözügedən platformaya daxil edilib.

"Qeydiyyat, həmçinin "ASAN xidmət" üzərindən də təmin olunub ki, burada da təxminən müraciətlərin sayı 15 minədək təşkil edir. Əsər müəlliflərinin razılığı əsasında onlardan da müəyyən qədəri seçilib, DRM-ə daxil ediləcək", - deyə N. Quliyev əlavə edib.

Qeyd edək ki, sistemin tətbiqi müəllif hüquqlarının rəqəmsal mühitdə qorunması ilə yanaşı, müəlliflərə yaratdıqları əsərlərdən qonorar əldə etmələrinə də imkan yaradacaq. Bu isə, öz növbəsində, yeni əsərlərin yaradılmasının intensivliyini stimullaşdıracaq.