"Ağ Sənəd": Azərbaycanda kart fırıldaqçılığı ilə bağlı mərkəzi platformanın və rəsmi statistikanın olması zəruridir İqtisadiyyat

"Ağ Sənəd": Azərbaycanda kart fırıldaqçılığı ilə bağlı mərkəzi platformanın və rəsmi statistikanın olması zəruridir

Hazırda kart fırıldaqçılığı, ödəmə kartları ilə icazəsiz əməliyyatlar və digər şübhəli kart əməliyyatları mərkəzləşdirilmiş monitorinqlə tənzimlənmir.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azerbaijan") ölkə üzrə təqdim etdiyi "Ağ Sənəd"də deyilir.

Bildirilir ki, bu səbəbdən bazarda kart fırıldaqçılığı halları ilə bağlı rəsmi statistika olmamaqla yanaşı, banklar və digər bazar iştirakçıları üçün müvafiq məlumatların bildirilməsi, kart fırıldaqçılığı hallarının qarşısının alınması səylərinin koordinasiyası və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq üçün mərkəzi platforma yoxdur. Qeyd edilir ki, kart sahiblərinin sayı milyonlarla olduğundan kart fırıldaqçılığı təhdidi sosial önəm daşıyır.

Sadalanan problemlər bağlı sənəddə müvafiq tənzimləyici orqanlar kart fırıldaqçılığı hallarının, ödəmə kartları ilə icazəsiz əməliyyatlar və digər şübhəli əməliyyatların monitorinqi və qarşısının alınması ilə bağlı mərkəzi funksiyanın təşkilini nəzərdən keçirməsinin zəruri olduğu bildirilir.

Bundan əlavə, proqram təminatı həlləri daxil olmaqla qüvvədə olan qanun və normalarla bağlı dünyanın qabaqcıl təcrübələri nəzərə alınması tövsiyə olunur: "Emitent banklar və digər ödəmə kartı alıcıları monitorinq funksiyasının iştirakçıları olaraq istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə kart fırıldaqçılığı hallarının ciddi monitorinqi, müvafiq tənzimləyici tədbirlərin hesabatı ilə bağlı öhdəlik götürməlidir".

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2021-ci ilin mayına 1-nə ölkədə 9,898 mln. ədəd ödəniş kartı qeydə alınıb. Bu, illik ifadədə 22,7% çoxdur.