“Dəniz limanları haqqında” qanun layihəsi hazırlanıb İqtisadiyyat

“Dəniz limanları haqqında” qanun layihəsi hazırlanıb

Dünən Milli Məclisin İqtisadi siyasət Komitəsinin növbəti iclası keçirilib. "APA-Economics"in məlumatına görə, Komitənin iclası Azərbaycan Dövlət Dəniz Administrasiyasının binasında baş tutub və "Dəniz limanları haqqında" qanun layihəsinin müzakirəsinə həsr olunub. Müzakirələrdən öncə millət vəkilləri Administrasiyanın fəaliyyəti ilə yaxından tanış olublar.
Administrasiyanın rəhbəri Qüdrət Qurbanov bildirib ki, Azərbaycan 1995-ci ildən Ümumdünya Dəniz Təşkilatının üzvüdür. Onun sözlərinə görə, Azərbaycan Dəniz Konvensiyasını layiqincə yerinə yetirən ölkədir: "Mən bu qanun layihəsinin parlamentdə qəbul ediləcəyinə ümid edirəm".
İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ölkənin iqtisadi təhlükəsizliyi üçün alternativ nəqliyyat yolları olmalıdır: "Dəniz yolları da onlardan biridir. Xəzər dənizi qədər dünya ikinci potensial dəniz yoxdur. Biz çalışmalıyıq ki, yüklərin həcmini artıraq və tariflərə yenidən baxmalıyıq. Yükdaşımalarının optimallığını təmin etməliyik. Bu səbəbdən də bu strukturun təkmilləşdirilməsi istiqamətində böyük işlər görməliyik".
Millət vəkili deyib ki, dəniz limanı özü böyük bir strukturdur: "Bu qanun layihəsi ilə bağlı hamının müsbət fikri var. Bu gün bura səfərimiz də görülən işlərlə əyani tanışlıq xarakteri daşıyır. Xəzər dənizi milli sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik. Azərbaycanın şimal yolu bağlananda ölkəmiz nə qədər əziyyət çəkib. Amma bundan sonra belə hallar olmayacaq. Çünki Azərbaycanın böyük nəqliyyat infrastrukturu var".
Qeyd edək ki, "Dəniz limanları haqqında" qanun layihəsi parlamentin növbəti plenar iclaslarına müzakirəyə çıxarılmasına tövsiyə olunub. Komitə üzvləri yekdilliklə bu qanun layihəsinə səs verəcəklərini qeyd ediblər.
Xatırladaq ki, 7 fəsil və 29 maddədən ibarət olan qanun dəniz limanlarında ticarət gəmiçiliyi çərçivəsində münasibətləri, onların tikintisini, açılmasını və bağlanmasını, limanlarda işi, həmçinin qaydaları tənzimləyəcək. Qanuna dəniz limanlarının fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin əsasları daxil ediləcək.
Qanun eyni zamanda limanlarda gəmi agentlərinin, dəniz terminalının operatorlarının, daşıyıcıların, limanın infrastruktur obyektlərinin sahiblərinin fəaliyyətini, limanların fəaliyyətinin maliyyələşdirilməsi məsələlərini, həmçinin liman ərazisindəki dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsi şərtlərini və digər məsələləri əhatə edəcək.