TAP konsorsiumu 2021-ci il üzrə bazar testinə başlayıb İqtisadiyyat

TAP konsorsiumu 2021-ci il üzrə bazar testinə başlayıb

Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu kəmərin genişləndirilməsi ilə bağlı 2021-ci il üzrə bazar testinin başlanılması barədə elan edib.

Bu barədə "APA-Economics" sözügedən elana istinadən xəbər verir.
Elanda qeyd olunur ki, tərəflərin əvvəlcədən maraqlarını ifadə edərək, sonrakı mərhələdə isə yeni uzunmüddətli güclərə çıxışı təmin etmək üçün (bu da öz növbəsində gələcəkdə qaz kəmərinin genişləndirilməsinə imkan yaradacaq) TAP konsorsiumu yeni bazar testinə start verib.

Məlumata görə, bazar testi iki əsas mərhələdə aparılacaq: məcburi olmayan mərhələ, hansı ki, 12 iyul 2021-ci il tarixindən başlayıb və gələn ilin yayından tez başlamayacaq məcburi mərhələ.

Qeyd edək ki, hazırda TAP konsorsiumu üç genişləndirmə ssenarisi təklif edir: məhdud genişləndirmə (təqribən 14,4 mlrd. kubmetrədək), qismən genişləndirmə (təqribən 17,1 kubmetrədək) və tam genişləndirmə (20 mlrd. kubmetrədək).

Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.