Azərbaycan TANAP-la qaz nəqlini 33% artırıb İqtisadiyyat

Azərbaycan TANAP-la qaz nəqlini 33% artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyəyə Trans-Anadolu qaz boru kəməri (TANAP) vasitəsi ilə 3,2 mlrd. kubmetrdən çox qaz nəql edib, bu da illik müqayisədə 33,3% çoxdur.

Energetika Nazirliyindən “APA-Ecopnomics”ə verilən məlumata görə, 2020-ci ilin müvafiq dövründə TANAP ilə Türkiyəyə 2,4 mlrd. kubmetr qaz nəql olunub.

Xatırladaq ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır.

"Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinin layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi (Faza-0) 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb.

Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə (İpsala) qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, ötən ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub.

2019-cu ilin noyabrında TANAP-ın ikinci - Türkiyə ilə Avropa sərhədinə qədər olan hissəsinin (Faza-1) təntənəli istismara verilməsi mərasimi keçirilib.

TAP kəməri ilə Avropaya kommersiya yönümlü Azərbaycan qazının nəqlinə isə ötən il dekabrın 31-də başlanılıb.